Azərbaycanlı və gürcü orta məktəb şagirdləri Gürcüstan prezident sarayında olublar – FOTOSESSİYA

Azərbaycanlı və gürcü orta məktəb şagirdləri Gürcüstan prezident sarayında olublar – <font color=red>FOTOSESSİYA</font>
# 27 mart 2012 15:15 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki 3 və 8 saylı orta məktəblərin şagirdləri və rayonun Saimerlo kəndindəki gürcüdilli orta məktəbin şagirdləri Kvemo-Kartli bölgə qubernatorluğuna və Gürcüstanın prezident sarayına ekskursiya ediblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir prezidentin müşaviri Mübariz Qarayevin, Kvemo-Kartli qubernatorluğunun, Marneuli rayon icra hakimiyyəti başçısının və “UNİON” gənclər təşkilatının rəhbəri Elmira Yusubovanın təşkilatçılığı ilə baş tutub.

Azərbaycan və gürcü orta məktəblərinin şagirdləri bir saatdan çox prezident sarayını gəziblər. Onlar konfrans salonunda, qəbul otağında və sarayın Tarix Muzeyində olublar. Məktəblilər müxtəlif salonlarda şəkillər çəkdirib, sarayın şüşəli salonundan Tiflisi seyr ediblər.

Şagirdləri müşayiət edən Kvemo-Kartli bölgə quberniyasının regional inkişaf xidmətinin rəisi Nino Basilaşvili APA-ya açıqlamasında belə tədbirlərin Azərbaycan və gürcü şagirdlərinə müsbət təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, bu, azərbaycanlı uşaq və gənclərin Gürcüstan cəmiyyətinə inteqrasiyası deməkdir: “Belə səfərlər zamanı dostlar tapılır, şagirdlər bir-biri ilə söhbət edirlər, xatirə fotoları çəkdirirlər. Hər iki millətin gənc nümayəndələri həm Gürcüstan, həm də Azərbaycan tarixi və ölkələrimizin inkişafı ilə maraqlanırlar. Biz gələcəkdə belə tədbirlərin sayını artıracağıq”.

Gəzintidən sonra prezident sarayının əməkdaşları şagirdlərə hədiyyələr veriblər. “UNİON” gənclər təşkilatı gənc azərbaycanlı rəssamın çəkdiyi “Gürcüstan bayrağı” rəsmini prezident muzeyinə bağışlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR