Azərbaycan prezidenti Qazax Konserv Zavodunun və Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun açılışında iştirak edib

Azərbaycan prezidenti Qazax Konserv Zavodunun və Qazaxbəyli-Aşağı Salahlı avtomobil yolunun açılışında iştirak edib
# 12 aprel 2012 11:57 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində kənd təsərrüfatı məhsulları emal edən “Azərsun-Holdinq” MMC-nin Qazax Konserv Zavodunun açılışında iştirak edib.

Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dövlət başçısı ölkəmizin digər bölgələrində “Azərsun-Holdinq” tərəfindən istifadəyə verilmiş müəssisələrin əks olunduğu stendə baxıb.

Bildirilib ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 mln. manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 mln. manat güzəştli kredit verilib.

Sonra prezident İlham Əliyev dövlətin güzəştli krediti hesabına Gəncə-Qazax iqtisadi rayonu üzrə maliyyələşdirilən və maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələrini əks etdirən stendlə də tanış olub. İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Gəncə-Qazax iqtisadi rayonu üzrə ümumilikdə 2 351 sahibkarlıq subyektinə 83,2 mln. manat, o cümlədən yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 38,7 mln. manat güzəştli kreditin verildiyini, bu kreditlər hesabına 17 mindən çox yeni iş yeri açıldığını bildirib.

Dövlət başçısı müəssisə ilə tanışlıqdan sonra kollektivə uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Daha sonra prezidenti İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak edib. Əvvəlcə inşaatçılarla görüşən dövlət başçısı aprelin 10-da imzaladığı sərəncamla fəxri adlara layiq görülmüş bir qrup inşaatçını təbrik edib. Sonra dövlətimizin başçısına Qazax rayonunda yolların yenidən qurulması sxemləri təqdim olunub.

Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, əsaslı şəkildə yenidən qurulmuş Qazaxbəyli-Aşağı Salahlı yolu 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirir. Uzun müddət təmir olunmadığından, yol istismara yarasız vəziyyətə düşüb. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Dövlət başçısının tapşırığı ilə təmir olunan Yuxarı Salahlı-Kəmərli avtomobil yolundan isə 4 kəndin 13 minə yaxın əhalisi istifadə edəcək. Burada da işlərin əsas hissəsi görülüb.

Prezident İlham Əliyevə təqdim olunan üçüncü layihə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi olub. Bildirilib ki, 53 km-lik yol ən müasir standartlar səviyyəsində qurulur. Yolun üzərində bir ötürücü əsaslı şəkildə təmir olunur, iki yeni körpü tikilir.

Sonra Prezident İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun rəmzi açılışını bildirən lenti kəsib, kənd sakinləri ilə görüşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR