Ucarda elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər yaranıb

Ucarda elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər  yaranıb
# 15 iyun 2013 11:00 (UTC +04:00)

Ucar. Zahid Abışov – APA. Son günlər Ucar rayonunda elektrik enerjisinin verilişi ilə bağlı ciddi problemlər yaranıb. Yerli sakinlərin sözlərinə görə, hava şəraitindən asılı olmayaraq, gün ərzində bir – neçə dəfə elektrik enerjisinin verilişin dayandırılması adi hal alıb. Bu da sakinlərin böyük narahatlığına səbəb olur. Soyuducularda olan ərzaq məhsullarının yararsız hala düşməsi, elektrik avadanlıqlarının işləməməsi, borclu abonentlərin yerli poçt şöbələrinə ödədikləri pulun qəbzini almaq üçün saatlarla növbə gözləməsi bu narahatlığı bir qədər də artırır. APA-nın yerli bürosuna məsələ ilə bağlı açıqlama verən Ucar elektrik şəbəkəsinin baş mühəndisi Bahadur Faxrədov bildirib ki, enerjinin abonentlərə fasilələrlə verilməsinin əsas səbəbi elektrik naqillərinin köhnələrək yararsız hala düşməsi və transformatorlardan bir neçə metr öndə yerləşdirilən ayırıcıların işlək vəziyyətdə olmamasıdır: “Hal-hazırda rayonda 370 ədəd transformatorla abonentlərə enerji ötürülür ki, bunlardan da cəmi 10-15-də ayırıcılar işlək vəziyyətdədir. Ona görə də, hər hansı bir transformatorda problem yaranarsa, onu təmir etmək üçün ayrıcının işləməməsi səbəbindən enerji birbaşa Ucar elektrik şəbəkəsindən açılır. Bu da eyni vaxtda bir neçə yaşayış məntəqəsinə müvəqqəti olaraq, enerji verilişinin dayandırılmasına səbəb olur”. B. Faxrədovun sözlərinə görə, müvafiq orqanlar tərəfindən rayona ayırıcılar verilmədiyindən bu problemi həll etmək mümkün olmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR