ARDNŞ Odessada 9-cu yanacaqdoldurma məntəqəsini açıb

ARDNŞ Odessada 9-cu yanacaqdoldurma məntəqəsini açıb
# 09 iyul 2013 14:52 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Ukraynanın Odessa vilayətində “SOCAR” brendi ilə fəaliyyət göstərən yeni yanacaqdoldurma məntəqəsi istismara buraxılıb.

ARDNŞ-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Odessada sayca 9-cu belə YDM olan bu obyekt “SOCAR Ukraine” şirkətinin strukturuna daxil olan “Transoil Company” MMC tərəfindən istifadəyə verilib.

Yeni məntəqə böyük nəqliyyat axınına malik dairəvi yolun üzərində yerləşdiyi üçün burada həm minik, həm də yük maşınları üçün rahatlıq yaradacaq əlavə xidmətlər (təkərlərin doldurulması, maşının su ilə təchiz edilməsi və s.) tətbiq olunur. Müştərilər həmçinin internet və digər xidmətlərdən də pulsuz istifadə edə biləcəklər. Uzaq məsafə qət edən böyük həcmli yük maşınlarının sürücülərinə YDM-də gecələmək və ya istirahət etmək üçün hər cür şərait yaradılıb. Məntəqədə beş ədəd ikitərəfli yanacaqpaylayıcı kolonka quraşdırılıb ki, bu da eyni zamanda on avtomobilə yanacaq doldurulmasına imkan verir. Burada müştərilərə Litva, Polşa və Belarusun neft emalı zavodlarında istehsal olunub, “Avro-4” və “Avro-5” standartlarına uyğun yüksək keyfiyyətli benzin və dizel yanacağı təklif edilir.

Neft məhsulları assortimentinə A-92, A-95 benzinləri, həmçinin Nano-95 və NanoDiezel yanacaqları daxildir. YDM ərazisində “Buta” marketi və “Buta” kafesi fəaliyyət göstərir. Burada bütün məhsul və xidmətlər üçün həm nağd, həm də bank və ya yanacaq kartları ilə ödəniş etmək mümkündür. Beləliklə, Ukraynada “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 34-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR