Salyanda aksiya keçirilib

Salyanda aksiya keçirilib
# 21 may 2013 08:28 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı-APA. Salyanda bir qrup kənd sakini Ələt-Astara yolunu bağlayıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Xıdırlı kənd sakinləri məlumat verib.

Onların sözlərinə görə, Xıdırlı kənd sakinləri dünən axşam saat 22.00-dan başlayaraq iki saat ərzində Salyanın Ələt-Astara magistralının Xıdırlı kəndi ərazisindən keçən hissəsində yolu kəsərək etiraz aksiyası keçiriblər. Aksiyaya Xıdırlı kənd sakini, 1967-ci il təvəllüdlü Eynulla Saday oğlu Ağayevin mikroinfakt keçrməsi və təcili yardım maşının gecikməsi səbəb olub. Bundan qəzəblənən 30-a qədər kənd sakini yolu kəsib. Hadisə yerinə rayon icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları gəlib. Sakinlərlə danışıqlar apardıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Xıdırlı kənd icra nümayəndəsi Vaqif Hüseynov da yolun bağlanmasını təsdiqləyib və bildirib ki, kənd sakinlərinin yolu bağlamasına təcili yardım maşınını gec gəlməsi səbəb olub. İcra nümayəndəsi qeyd edib ki, Xıdırlı kəndi rayon mərkəzindən 45 kilometr aralıda yerləşdiyindən təcili yardım maşını çağırışa gecikib və vaxtında yardım ala bilməyən Eynulla Ağayev dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR