Ombudsman Aparatının nümayəndələri Qobustan həbsxanasında olublar

Ombudsman Aparatının nümayəndələri Qobustan həbsxanasında olublar
# 22 oktyabr 2013 08:21 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qobustandakı Həbsxanasına növbəti dəfə uzunmüddətli iki günlük başçəkmə həyata keçirmişlər. MPQ-nin həkim üzvü də başçəkmədə iştirak edib.

Ombudsman Aparatı mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd həbsxanada saxlanılma şəraiti, məhkumlarla rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə zamanı bu müəssisənin bütün obyektlərinə, o cümlədən korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə baxış keçirilmiş, burada saxlanılan 70-ə yaxın məhkum, o cümlədən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər fərdi qaydada qəbul edilmiş, onların sənədlərinə baxılıb, hüquqları izah olunub.

MPQ üzvlərinin bu müəssisəyə əvvəlki başçəkmələri zamanı verilmiş tövsiyələrin əksəriyyətinin icra olunduğu müəyyən edilib. Belə ki, cərimə təcridxanasında gəzinti yerinin üçdə bir hissəsinin üstü yağış və günəşdən qorunmaq üçün örtülüb, bu təcridxanadan artıq çarpayılar çıxarılıb, bir neçə kamerada şərait yaxşılaşdırılıb, şəhərdaxili danışıq üçün telefon nömrələrinin sayı 3-dən 6-ya çatdırılıb. Məhkumlar tibb-sanitar hissəsinin rəhbərliyindən, eyni zamanda lazımi dərman preparatlarını ala bilmələrindən razılıq ediblər.

Habelə 9 oktyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin seçkiləri günü həbsxanada bütün məhkumların səsverməsi üçün müvafiq şəraitin yaradıldığı müəyyən edilib.

Qəbul edilmiş məhkumların qaldırdığı problemlərlə və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Bir sıra tövsiyələr yerində həll edilib, digər tövsiyələrin isə həlli istiqamətində gələcəkdə iş aparılacağı bildirilib.

Azərbaycan Respublikasının Ədliyyə nazirinə başçəkmənin nəticələri üzrə məktub göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR