Bursa valisi: “Turizm sahəsində Azərbaycanla əlaqələrimizi genişləndirə bilərik”

Bursa valisi: “Turizm sahəsində Azərbaycanla əlaqələrimizi genişləndirə bilərik”
# 03 dekabr 2013 11:13 (UTC +04:00)

Bursa. Etibar Məmmədov – APA. Türkiyə baş nazir aparatının (başbakanlık) nəzdində fəaliyyət göstərən Türk İşbirliyi və Kalkınma Ajansı (TİKA) və Bursa valiliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri, eləcə də jurnalistlərdən ibarət 17 nəfərlik nümayəndə heyəti Türkiyənin Bursa şəhərində səfərdədir. APA-nın Bursaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, səfərin təşkil olunmasında məqsəd Türkiyənin termal (müalicəvi istisu mərkəzi) istirahət mərkəzləri və hotelləri ilə tanış olmaq, qarşılıqlı təcrübə imkanından yararlanmaq, Azərbaycandakı turizm potensialını Türkiyəyə cəlb etmək və Türkiyədə fəaliyyət göstərən hotellərin Azərbaycanda təbliği istiqamətində birgə çalışmaqdır.

Nümayəndə heyəti bir sıra hotelləri ziyarət edib və xidmətlərlə tanış olub.

Daha sonra Bursa valisi Münir Karaloğlu ilə görüş keçirilib. Vali şəhər haqqında geniş məlumat verərək qeyd edib ki, vilayət turizm baxımından çox əlverişlidir: “Bursada bütün fəsillər üçün münasib turizm mərkəzləri, hotellər fəaliyyət göstərir. Şəhər 130 il Osmanlı dövlətinin paytaxtı olub və mərkəzi şəhər kimi tarixən inkişaf edib. Yəni Osmanlı dövründən qalan tarixi məkanlar çox az restavrasiyaya məruz qalıb”.

M. Karaloğlunun sözlərinə görə, Bursa həm də bir termal şəhərdir: “Burada hətta beşulduzlu hotellərdə belə müalicəvi su mərkəzləri var. Bursa ilboyu turizm üçün münasib sayılacaq şəhərdir. Eyni zamanda Bursa çox önəmli sənaye şəhəridir”.

Vali bildirib ki, turizm sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirərək, qarşılıqlı turist mübadiləsi həyata keçirmək mümkündür.

Vali dekabrın 15-də Bakıda keçiriləcək Səhiyyə Turizm Toplantısına qatılacaqlarını da vurğulayıb.

Qeyd edək ki, səfər dekabrın 2-dən 9-na kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR