Azərbaycanda bu il vergi borclarının həcmi 11% azalıb

Azərbaycanda bu il vergi borclarının həcmi 11% azalıb
# 22 oktyabr 2013 12:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda oktyabrın 1-nə dövlət büdcəsinə vergi borclarının ümumi həcmi ilin əvvəli ilə müqayisədə 10,9%, 2012-ci ilin oktyabrın 1-nə nisbətən isə 13,5% azalıb.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlinə olan 8 228 borclu vergi ödəyicisi və hesabat dövründə borcu yaranmış 60 790 vergi ödəyicisi də nəzərə alınmaqla 169 018 borclu vergi ödəyicisinin borcları tamamilə ləğv edilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 46 297 sayda qərar açılıb və onların 94,1%-i (2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 37 faiz bəndi çox) borclar ləğv edildiyi üçün bağlanılıb. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 50,3 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Vergi borclarını ödəmə tələbini qəbul etməyən 415 borclu vergi ödəyicisində keçirilən operativ vergi nəzarəti tədbirləri nəticəsində, onların 63,6%-də qanun pozuntusu aşkar edilib, 68,4 min manat məbləğində maliyyə sanksiyası tətbiq olunub. Vergi borcları və hesablanmış maliyyə sanksiyasının 90,2%-i büdcəyə ödənilib.

Sahibkarlıq fəaliyyətini dayandırmaqla dövlət büdcəsi qarşısında öhdəliklərinə tam əməl etməyən fiziki şəxslərin borclarının onların mülkiyyətində (şəxsi istifadəsində) olan nəqliyyat vasitələrinə yönəldilməsi prosesi hesabat dövründə də davam etdirilib. Görülmüş tədbirlər nəticəsində bu cür nəqliyyat vasitələri müəyyən edilən 2 099 vergi ödəyicisinin 1 393,3 min manat məbləğində borc məbləğinin dövlət büdcəsinə alınması təmin edilib, 18 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 1 087 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim olunmadığı üçün onların üzərilərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərardadları çıxarılıb.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən edilən fiziki şəxslərin borclarının hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 66 fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılıb. Müvafiq iddialar üzrə artıq 43 iş üzrə borc məbləğinin hüquqi şəxsin əmlakındakı payına yönəldilməsi barədə qətnamə çıxarılıb, 8 iş üzrə isə borc məbləği ödənildiyindən müvafiq məhkəmə qərarı qəbul olunub. Hesabat dövrü ərzində görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış etmələri müəyyən edilən 1 281 fiziki şəxs üzrə bütövlükdə 821,0 min manat məbləğində borcların dövlət büdcəsinə alınması təmin edilib.

Faktiki olaraq fəaliyyətini dayandırmış, əmlakı olmayan və xırda məbləğdə borcları olan vergi ödəyiciləri üzrə «İnzibati icraat haqqında» qanunun tələblərinə uyğun olaraq birbaşa icra məmurlarına edilən müraciətlər nəticəsində 1 655 vergi ödəyicisi ümumilikdə 228 min manat məbləğində borcunu ödəyib. Hesabat dövrü ərzində vergi orqanları tərəfindən 719 borclu vergi ödəyicisinin ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün aidiyyəti üzrə müraciətlər edilib, bunlardan 51-i borcunu ödəyib, 22-nin ölkədən getmə hüququ məhdudlaşdırılıb. Qalan vergi ödəyiciləri barədə müvafiq tədbirlər görülür.

Hesabat dövründə vergi borcunu ödəməkdən yayındıqlarına görə 10,4 mln. manat borc məbləği üzrə 294 vergi ödəyicisi barədə materiallar Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR