Rusiyada kommunistlər əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı yeni qanun layihəsinə qarşı çıxıblar

Rusiyada kommunistlər əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı yeni qanun layihəsinə qarşı çıxıblar
# 12 fevral 2014 13:08 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Kommunist Partiyası əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı yeni qanun layihəsinə qarşı çıxıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, kommunistlər ölkə iqtisadiyyatına sərmayə qoymaqla və Rusiya diplomuna sahib olmaqla vətəndaşlıq almaq imkanı yaradan qanun layihəsinin qəbulunu məqbul hesab etmirlər.

Rusiya Dövlət Dumasının deputatı, Kommunist Partiyasının sədr müavini Valeri Raşkinin fikrincə, yeni qanun layihəsi qastrabayterlərin Rusiya Federasiyası pasportunu əldə etməsi üçün daha bir yol açacaq: “Rusiya bugünkü vəziyyəti ilə təəssüf ki, aşağı iqtisadi və sosial göstəriciləri olan ölkələrin vətəndaşları üçün cazibə mərkəzidir. Ona görə də, ölkəyə 10 milyon rubl sərmayə qoyan, Rusiya ali təhsili olan və ən azı 3 il Rusiyada yaşayan əcnəbilərə vətəndaşlıq verilməsini nəzərdə tutan qanun layihəsinin ölkəyə xarici sərmayə və yüksək ixtisaslı mütəxəssislərin cəlb edəcəyini ümid etmək sadəlövhlükdən başqa bir şey deyil”.

V. Raşkinin sözlərinə görə, Orta Asiya ölkələrindən Rusiyaya gələn tələbələrin və qastarbayterlərin sayı ildən ilə artır: “Bu yeni qanun layihəsi onların çoxuna Rusiya pasportu almağa daha bir yol açacaq”.

Qeyd edək ki, Rusiya İqtisadiyyat Nazirliyi və Federal Miqrasiya Xidməti əcnəbilərə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlayır. “Kommersant”ın yaydığı məlumata görə, layihədə Rusiya iqtisadiyyatına 10 milyon rubl (287,4 min dollar) sərmayə qoyan əcnəbilərə ölkə vətəndaşlığı verilməsi nəzərdə tutulur. Bundan başqa, Rusiyanın kollec və ali təhsil məktəblərini bitirən Rusiyada ən azı 3 il işləyən əcnəbi tələbələrə də vətəndaşlıq veriləcək.

“Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə düzəlişlər artıq hökumətin müzakirəsindən keçib və yaxın vaxtlarda Dövlət Dumasının müzakirəsinə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR