Eldəniz Quliyev: “Cəmil Həsəni Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklifinə müsbət yanaşdı”

Eldəniz Quliyev: “Cəmil Həsəni Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsi təklifinə müsbət yanaşdı”
# 13 yanvar 2014 09:44 (UTC +04:00)

“İnanıram ki, Eldar Namazov Milli Şuraya münasibətdə də ləyaqət nümayiş etdirəcək”

Bakı. Ramiz Mikayıloğlu - APA. “Mən dünən Rüstəm İbrahimbəyovla bir saat danışdım. İnanıram ki, Milli Şuranın sessiyasında qərar qəbul etsək, Rüstəm İbrahimbəyov Milli Şuranın lideri olmasına “yox” deməyəcək, çünki bu, taleyüklü bir məsələdir”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev söyləyib.

E. Quliyev deyib ki, bu gün Milli Şuranın sədri Cəmil Həsənli ilə də danışıb: “Cəmil Həsənli də Rüstəm İbrahimbəyovun Milli Şuranın lideri seçilməsi təklifinə müsbət yanaşdı. Hesab edirəm ki, indiki şəraitdə, Müsavat Partiyası Milli Şuranı tərk etdiyi bir vaxtda Milli Şurada Rüstəm İbrahimbəyovun qurumun lideri olmasına qarşı hər hansı kəskin etiraz mövqe olmayacaq. Çünki bu, Milli Şuranı saxlamaq üçün yeganə çarədir. Arzu edərdim ki, siyasi partiya liderləri bu təklifə pozitiv yanaşsınlar. Söhbət Milli Şuranın AXCP-nin monopoliyasına düşməməsindən gedirsə, hamıdan çox AXCP-nin özü istəməz ki, orada yeganə çöz sahibi olsun. Bu halda demokratiklik itəcək, Milli Şuraya da xalqın ümidi tədricən aradan qalxacaq. Məncə, bunu AXCP sədri Əli Kərimli də anlayır və özü də istəməz ki, Milli Şurada yeganə söz sahibi olsun”.

E. Quliyev Milli Şuraya münasibət məsələsində “El” Hərəkatının sədri Eldar Namazovla mövqelərinin müxtəlif olması, “El” Hərəkatında əsas söz sahibinin kim olması ilə bağlı sualların ortaya çıxmasından da narahatlığını dilə gətirib: ““Yeni Müsavat” qəzeti də yazıb ki, “El” Hərəkatının əksər üzvləri Milli Şurada qalır, “El” Hərəkatında əsas söz sahibi Eldar Namazov, yoxsa Eldəniz Quliyevdir? Mən belə ifadələri çox ağrılı qarşılayıram. Həmişə siyasətə səmimiyyət gətirməyin tərəfdarı olmuşam. Bəli, mən Milli Şurada qalmağın tərəfdarıyam. Eldar Namazov da “El” Hərəkatının sədri, bizim rəhbərdir. Eldar Namazovun qərarları hamımız üçün eyni dərəcədə məqbul sayılır və biz o qərarları icra etməyə məcburuq. Eldar Namazovla Eldəniz Quliyev arasına nifaq salmaq heç də düzgün yanaşma deyil. Eldar Namazov həmişə Azərbaycanda demokratiya uğrunda gedən mübarizədə ləyaqətlə özünü aparıb. İnanıram ki, Eldar Namazov Milli Şuraya münasibətdə də həmin ləyaqəti nümayiş etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR