Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyasını təsdiqləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan üzrə yeni strategiyasını təsdiqləyib
# 13 may 2014 09:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan üzrə fəaliyyətinin yeni strategiyasını təsdiqləyib. Bankın Direktorlar Şurasının aprelin 30-da təsdiqlədiyi yeni fəaliyyət strategiyası 2014-2017-ci illəri əhatə edir.

APA-Economics”in AYİB-in saytına istinadən verdiyi xəbərə görə, strategiyanın növbəti dövrü ərzində qaz hasilatı əhəmiyyətli dərəcədə artacaq. Bankda hesab edirlər ki, bu neft hasilatının azalmasının təsirini qismən yumşaldacaq. Bank mütəxəssislərinin fikrincə, ÜDM-in təxminən 50%-i həcmində olan böyük neft fondu əhəmiyyətli davamlılıq ehtiyatını təmin edir.

Strategiyada qeyd olunur ki, əsasən neft hasilatı, eləcə də sosial transfertlər hesabına əldə olunan möhkəm artım sayəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 1999-cu ildəki təxminən 50%-dən 2012-ci ildə 6%-dək kəskin şəkildə azalıb, Azərbaycan öz inkişafında ən yüksək mərhələyə çatıb.

“2017-ci ildən neft hasilatı azalacaq. Toplanmış karbohidrogen gəlirlərindən iqtisadiyyatın asılılığı çox yüksək olduğuna görə, Azərbaycanın neftdən sonrakı dövrə müasir və inkişaf etmiş özəl sektorla daxil olması üçün iqtisadiyyatın şaxələnməsi həlledici əhəmiyyətə malik olacaq. Ölkə hökuməti "Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində şaxələndirmə üzrə iddialı hədəflərini təsdiqləyib və iqtisadiyyatın modernləşdirilməsində müəyyən irəliləyişə nail olub. Buna baxmayaraq, neftlə bağlı olmayan sektorların artımının dəstəklənməsi üçün zəruri olan struktur islahatların keçirilməsi sürətləndirilməlidir”, - deyə sənəddə vurğulanır.

Qeyd edək ki, 1991-ci ildən 2013-cü ilin noyabr ayının sonuna kimi AYİB Azərbaycanda ümumi dəyəri 6,6 mlrd. avro olan 138 layihənin maliyyələşdirilməsi üçün 1,577 milyard avro vəsait ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR