Qaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Qaxda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 18 noyabr 2014 07:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qax rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, SKMF noyabrın 13-də Qax rayonunun Qorağan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Qax rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in və fermer mağazalarının, çörək istehsalı və cır meşə meyvələrinin emalı müəssisələrinin və cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR