Elektronlaşdırılan əmək müqaviləsi bildirişlərinin sayı 2 milyona yaxınlaşır

Elektronlaşdırılan əmək müqaviləsi bildirişlərinin sayı 2 milyona yaxınlaşır
# 05 mart 2015 09:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Martın 1-nə olan məlumata görə, (Naxçıvan MR üzrə məlumatlar istisna olmaqla) nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti vasitəsi ilə elektron informasiya sisteminə 1 mln. 981 min 273 əmək müqaviləsi bildirişi daxil edilib.

APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə milli valyutanın məzənnəsinin dəyişdirilməsinin sosial müdafiə və sosial təminat sisteminə, habelə əmək bazarına təsirlərinin müəyyən olunması üçün nazirlik tərəfindən aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrinə dair mətbuat konfransında deyib.

İ. İsayev bildirib ki, bildirişlərdən 75,8%-i əmək müqaviləsinin bağlanması, 14,8%-i əmək müqaviləsinə dəyişikliyin edilməsi, 9,4%-i əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olub.

Nazir müavini bildirib ki, qeyd olunan tarixə həmin sistemdə aktiv bildirişlərin sayı 1 mln. 261 min 613 ədəddir: “Bunun da 93,6 faizi hüquqi şəxs statusunda olan işəgötürənlərlə əmək müqaviləsi bağlayan işçilər üzrədir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində olan işçilər üzrə isə sistemdə 80 763 aktiv bildiriş mövcuddur ki, bu da bütün aktiv bildirişlərin 6,4 faizini təşkil edir. Qeyd olunan tarixə 52 653 işəgötürən əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi üçün qeydiyyata düşüb. Onların da 42,7 faizi hüquqi şəxs statusunda olan işəgötürənlər, 57,3 faizi isə sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs statuslu işəgötürənlərdir”.

İ. İsayev aktiv əmək müqaviləsi bildirişlərinin 53,1%-nin və ya 669 min 338 ədədinin kişilər, 46,9%-nin və ya 592 min 275 ədədinin qadınlar üzrə olduğunu qeyd edib: “Habelə aktiv əmək müqavilələrinin 13,9 faizi və ya 174 min 946 ədədi 25-29 yaş hədlərində, 13,23 faizi və ya 166 min 946 ədədi 30-34 yaş hədlərində, 12,85 faizi və ya 162 min 103 ədədi 50-54 yaş hədlərində olan şəxslər üzrədir. Bütün bağlanan əmək müqavilələrinin 0,65 faizi və ya 8 min 198 ədədi 15-19 yaş hədlərində, 2,18 faizi və ya 27 min 559 ədədi isə 65 yaşdan yuxarı olan işçiləri əhatə edir”.

Nazir müavininin sözlərinə görə, kişilər üzrə yaş qrupları üzrə ən çox əmək müqaviləsi bağlanan şəxslər 25-29 yaş hədlərində (kişilərlə bağlanmış əmək müqavilələrinin 15,6%-i), qadınlar üzrə isə 50-54 yaş hədlərində (qadınlarla bağlanmış əmək müqavilələrinin 14,1%-i) olanlardır. Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 min 377 əmək müqaviləsinin 46,6%-i kişilərin, 53,4%-i qadınların payına düşür. Həmçinin 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 45,9%-i kişilərlə, 54,1%-i qadınlarla bağlanıb. 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 48,4%-i kişilərin payına düşdüyü halda, qadınların payı 51,6%-dir: “Əmək müqavilələrinin elektron informasiya sistemində bu ayın əvvəlinə aktiv əmək müqavilələrinin 37,7 %-i və ya 476 001 ədədi ali təhsilli şəxslərlə, 37,3%-i və ya 470 053 ədədi ümumi təhsilli şəxslərlə, 22,2 %-i və ya 280 100 ədədi orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i və ya 35 459 ədədi isə ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb. Əmək müqaviləsi bağlanılmış ümumi təhsilli şəxslərin 9 707 nəfəri ibtidai təhsilli, 131 285 nəfəri ümumi orta təhsilli, 329061 nəfəri isə tam orta təhsilli şəxslərdir. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 60,9%-i kişilərin, 39,1%-i qadınların, ali təhsilli şəxslərin 52,2%-i kişilərin, 47,8%-i qadınların, orta ixtisas təhsilli şəxslərin 38,6%-i kişilərin, 61,4%-i qadınların, ilk peşə-ixtisas təhsilli şəxslərin 75,3%- i kişilərin, 24,7%-i qadınların payına düşür”.

İ. İsayev kişilər üzrə bağlanan əmək müqavilələrinin ən çoxunun, yəni 30,5%-nin tam orta təhsilli, qadınlar üzrə isə bağlanan əmək müqavilələrinin ən çoxunun , yəni 29,0%-nin isə orta ixtisas təhsilli şəxslərlə bağlandığını nəzərə çatdırıb: “Ən çox əmək müqaviləsi təhsil, səhiyyə, sosial xidmətlər, tikinti, ticarət, emal sənayesi sahələri üzrə bağlanıb. Kişilər üzrə ən çox əmək müqaviləsi bağlanan sahələr tikinti, emal sənayesi, təhsil, ticarət, qadınlar üzrə isə təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Təhsil, səhiyyə və sosial xidmətlər sahələrində muzdla işləyənlərin 76%-78%-i qadınlardır”.

Nazir müavini ƏMEİS-də qeyd olunan tarixə aktiv olan əmək müqaviləsi bildirişləri üzrə xitam verilmiş əmək müqavilələrinin sayının 179 086 ədəd olduğunu diqqətə çatdıraraq bildirib ki, bunun 72,8%-i və ya 130306 ədədi kişilərin, 27,2%-i və ya 48780 ədədi isə qadınların payına düşür: “Xitam verilmiş əmək müqavilələrinin 3191 ədədi işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə bağlı olub. 1 oktyabr 2014-cü illə müqayisədə 22754 işəgötürəndə 276910 ədəd aktiv əmək müqaviləsinin artımı, 6568 işəgötürəndə 43746 ədəd aktiv əmək müqaviləsinin azalması qeydə alınıb, 2876 işəgötürəndə aktiv əmək müqavilələrinin sayında dəyişiklik olmayıb. Göründüyü kimi, 1 oktyabr 2014-cü illə müqayisədə 1 mart 2015-ci il tarixə aktiv əmək müqavilələrinin sayında müsbət saldo (+233164 ədəd) mövcuddur”.

Sistemdə məşğulluq təsnifatı üzrə 7093 vəzifə üzrə əmək müqavilələrinin bağlanmasının qeydə alındığını bildirən İ. İsayev əlavə edib ki, ən çox əmək müqaviləsi bağlanılan vəzifələr müəllim, həkim, fəhlə, sürücü, xadimə, mühəndis, satıcı, operator və s. vəzifələr, ən çox əmək müqaviləsi xitam verilən vəzifələr isə fəhlə, sürücü, satıcı, operator və s. vəzifələrdir. Göstərilən dövrdə ən çox əmək müqaviləsinə xitam verilən sahələr tikinti, ticarət, emal sənayesi, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri olub ki, bu da daha çox həmin sahələrdə əmək müqavilələrinin əsasən müddətli olması və işçilərin hərəkət tezliyinin yüksək olması ilə bağlıdır. Əvvəlki illərlə müqayisədə bu tendensiya tikinti, ticarət və turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində daha (təxminən 30%) sürətlidir.

Nazir müavini əmək müqaviləsinə xitam verilməsi və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər, əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları barədə də məlumat verib. “Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vasitəsi ilə Əmək Məcəlləsinin 70-ci maddəsi üzrə əmək müqaviləsinə xitam verən işəgötürənlərə qanunvericiliyin tələblərinin çatdırılması məqsədi ilə onlara müvafiq məktublar göndərilib və daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə münasibətdə araşdırmalara başlanılıb. Belə hallara yol vermiş işəgötürənlərdən qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması tələb olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR