Fransa və İspaniyada davam edən genişmiqyaslı meşə yanğınları səbəbilə 100 mindən çox insan təhlükəsiz ərazilərə köçürülüb.
APA xəbər verir ki, hər iki ölkə alovların söndürülməsi üçün Avropa İttifaqından yardım istəyib.
Fransanın cənub-qərbində yerləşən məşhur Cap Ferret yarımadası tamamilə boşaldılıb.
Təxminən 110 min nəfərə, əsasən də turistlərə bölgəni tərk etmək göstərişi verilib. Yanğın indiyədək 14 min hektardan çox meşə sahəsini məhv edib, 100-dən çox ev və bir düşərgə yararsız vəziyyətə düşüb.
Prezident Emmanuel Makron yanğınların söndürülməsinə dəstək üçün ordu bölmələrini cəlb edib.
İspaniyada isə Madrid yaxınlığındakı iki böyük meşə yanğınının birləşməsindən sonra ölkə tarixində ilk dəfə meşə yanğınlarına görə milli fövqəladə vəziyyət elan edilib.
Bölgədə 19 mindən çox insan təxliyə olunub, onlarla ev yanıb. Rəsmilər bildirirlər ki, ekstremal istilər və güclü küləklər yanğınların sürətlə yayılmasına səbəb olub.