Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən olan Telman Cəfərov qətlə yetirilən zaman itkin düşən şəxslərdən xəbər var

Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən olan Telman Cəfərov qətlə yetirilən zaman itkin düşən şəxslərdən xəbər var
# 01 avqust 2014 13:05 (UTC +04:00)

Krım. Mübariz Aslanov - APA. Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən biri Telman Cəfərov qətlə yetirilən zaman itkin digər üç nəfərin yeri məlum olub.

İtkin düşənlərdən biri, əslən Bakıdan olan Ukrayna vətəndaşı Mahir Qəhrəmanovun qardaşı Əbülfət Qəhrəmanov APA-ya açıqlamasında deyib ki, qardaşı və onunla birgə itkin düşən Nurlan və Eldar adlı azərbaycanlılar hazırda Kamenko kəndi yaxınlığında separatçıların mühasirəsindədirlər.

Mahir Qəhrəmanov ötən gün qardaşına zəng edərək bu barədə məlumat verib və mühasirədən çıxa bilmədiklərini deyib.

Mahir Qəhrəmanov onların gözü qarşısında güllələnən Telman Cəfərovun meyitinin harda olmasından xəbərsiz olduqlarını bildirib: “Dedi ki, onun maşının yandırıldığını görüblər. Amma meyitin maşından götürülüb-götürülmədiyini görə bilməyiblər”.

Qeyd edək ki, Telman Cəfərov avtomobilində olan zaman separatçıların hücumuna məruz qalaraq qətlə yetirilib.

Xatırladaq ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb.

Hadisə axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib. T. Cəfərovun meyiti separatçıların nəzarəti altında olan ərazidə qalıb və hələlik meyiti götürmək mümkün olmayıb.

T. Cəfərovla birgə Mahir, Nurlan və Eldar adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Onların itkin düşdüyü bildirilir. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyəndə hücuma məruz qalıblar.

Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya hadisə ilə bağlı araşdırma aparılacağını deyib.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan 1961-ci il təvəllüdlü Telman Cəfərov əslən Bakıdandır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR