Rusiya Dövlət Dumasında Azərbaycan-Rusiya münasibətlərinin tarixi və perspektivləri müzakirə olunub

Rusiya Dövlət Dumasında Azərbaycan-Rusiya münasibətlərinin tarixi və perspektivləri müzakirə olunub
# 17 oktyabr 2014 16:14 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Rusiya Dövlət Dumasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşlarının iştirakı ilə Azərbaycan-Rusiya münasibətlərinin tarixi və iki ölkə arasında qarşılıqlı əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

Tarix İnstitutundan APA-ya verilən məlumata görə, Rusiyada yaşayan azərbaycanlıların yaratdığı “Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti Şurası”nın sədri, Rusiya Dövlət Dumasında hüquqi məsələlər üzrə məsləhətçi Ağadadaş Kərimovun Rusiya Liberal Demokrat Partiyasının rəhbərliyi ilə apardığı danışıqlar nəticəsində dəyirmi masa keçirilməsi qərara alınıb. Bununla bağlı RLDP rəhbərliyi (V.V.Jirinovski) Tarix İnstitutu alimlərinin iştirakı ilə Azərbaycan-Rusiya münasibətləri tarixinə dair dəyirmi masa keçirilməsi barədə institut rəhbərliyinə müraciət edib. Dəyirmi masada İnstitutun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, “Qafqaz tarixi” şöbəsinin müdiri İradə Bağırova, “Azərbaycanın yeni tarix” şöbəsinin müdiri Hacı Həsənov və tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev iştirak ediblər.

Dəyirmi masada Azərbaycan-Rusiya münasibətləri tarixinə dair, Azərbaycan ərazisinə digər xalqların köçürülmə tarixi, Azərbaycan Sovet Sosialist Respublikasının qurulması tarixi, 1920-ci ilədək Rusiya imperiyası tərkibinə daxil edilən Azərbaycan əraziləri, keçmiş sovet məkanında Azərbaycan-Rusiya münasibətlərində ictimai, siyasi, iqtisadi, mədəni və geosiyasi əlaqələrin davam etdirilməsi perspektivləri və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Çıxışlar zamanı Azərbaycan-Rusiya münasibətlərinin tarixi əhəmiyyətindən danışılıb. Müzakirələrin sonunda bu cür görüşlərin əhəmiyyəti nəzərə alınaraq üç aydan bir həm Moskvada, həm də Bakıda keçirilməsi məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR