Qəbələnin 2500 il əvvəl mövcudluğunu təsdiqləyən tapıntılar əldə olunub

Qəbələnin 2500 il əvvəl mövcudluğunu təsdiqləyən tapıntılar əldə olunub
# 08 sentyabr 2016 09:54 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Avqust ayının ortalarından AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ arxeoloji ekspedisiyası professor Qafar Cəbiyevin rəhbərliyi ilə Qəbələ şəhərinin Qala adlanan ərazisində tədqiqat işlərini davam etdirir.

Qafar Cəbiyev APA-ya bildirib ki, son illərin tədqiqatları nəticəsində qədim paytaxt şəhərinin tarixinin bir sıra istiqamətlərinə dair, o cümlədən Qəbələnin ən az 2500 il əvvəl mövcudluğunu təsdiqləyən tapıntılar əldə olunub.

Onun sözlərinə görə, bu tapıntılar Azərbaycanın qədim dövlətçilik tarixinin və şəhər mədəniyyəti ənənələrinin dərindən və hərtərəfli öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Hazırda tədqiqat apardığımız Qala ərazisində şəhərin bütün dövrlərini özündə olduqca qalın və zəngin mədəni təbəqə, yəni yaşayış qatı formalaşıb. Burada ilk dəfə 1926-cı ildə görkəmli Azərbaycan arxeoloqu Davud bəy Şərifov tərəfindən arxeoloji qazıntı aparılıb. O zamandan etibarən Qala ərazisinin müxtəlif yerlərində kiçik və ya genişmiqyaslı tədqiqatlar reallaşıb. Qəbələnin tarixi ilə bağlı bir çox məsələyə elmi cəhətdən aydınlıq gətirilib. Bununla belə, elm üçün də, arxeoloq alimlər üçün də sirli qalan məqamlar hələ də çoxdur”.

Professor qeyd edib ki, builki tədqiqatlarda Qəbələ tarixinin qaranlıq məqamlarından birinə aydınlıq gətiriləcək: “Söhbət qədim şəhər qalıqlarının hazırkı relyefi, yəni topoqrafik mənzərəsi ilə orta əsrlərə, erkən orta əsrlər və antik dövrə aid yaşayış qatları arasında hansı dərəcədə uyğunluq, asılılıq və ya harmoniya olub-olmadığını aydınlaşdırmaqdır. Hələlik tədqiqat üçün seçilən sahədə yaşayış qatı 2.8 metr dərinliyədək öyrənilib və orada bir-birinin üstündə olan 5 tikinti qatı qeydə alınıb. Bu o deməkdir ki, təqribən hər 150-170 ildən bir əvvəlki dövrə aid tikinti qatı ondan sonra yaranan növbəti tikinti qatı ilə əvəzlənib. Relyefdəki fərqlilik tikintilərin xarakterində də müşahidə olunmaqdadır. Son tədqiqatların mühüm nəticələrindən birisi də Qəbələnin Qala hissəsinin şimal tərəfində X əsrin sonu - XI əsrin əvvəllərində tikildiyi ehtimal olunan qala divarlarının qalıqlarının aşkara çıxarılmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR