BANM-də “İstehsalat təhlükəsizliyinin müasir standartları” mövzusunda seminar keçirilib

BANM-də “İstehsalat təhlükəsizliyinin müasir standartları” mövzusunda seminar keçirilib
# 01 iyul 2016 09:19 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbi (BANM) ilə “Schneider Electric” şirkətinin SOCAR-ın rəhbər və mühəndis-texniki işçiləri üçün birgə təşkil etdiyi “İstehsalat təhlükəsizliyinin müasir standartları” mövzusunda 3 günlük seminar keçirilib. Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, seminarın 3 sessiyasında standartlarla bağlı təqdim edilən məruzələr müəssisə və təşkilatların istehsalat proseslərinin avtomatlaşdırılması, metrologiya, təhlükəsizlik texnikası, əmək və ətraf mühitin mühafizəsi, standartlaşdırma və bu sahələrdə layihələndirmə və tədqiqat işlərini həyata keçirən müxtəlif kateqoriyadan olan mütəxəssislər üçün nəzərdə tutulub.

Seminarın açılış mərasimində BANM-in rektoru Elmar Qasımov “Schneider Electric” şirkətinin nümayəndələrinə, SOCAR-ın struktur bölmələrinin və istehsalat müəssisələrinin əməkdaşlarına Ali Məktəbin inkişaf tarixi, əldə etdiyi nailiyyətlər və perspektiv planları haqqında məlumat verib. Rektor müasir şəraitdə istehsalat müəssisələrində texnoloji proseslərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini, bu istiqamətdə tətbiq olunan standartların daim mükəmməlləşdirildiyini qeyd edib.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov təhlükəsizlik məsələlərinin olduqca vacib olduğunu qeyd edib və seminarın işində uğurlar arzulayıb. Daha sonra çıxış edən “Schneider Electric” şirkətinin marketinq üzrə direktoru Stiv Elliot Ali Məktəbin rəhbərliyinə seminarın təşkili üçün minnətdarlığını bildirib.

Seminarın ilk iclasında SOCAR-ın struktur bölmələrinin, istehsalat müəssisələrinin, o cümlədən “Azərikimya” İstehsalat Birliyinin, “SOCAR-POLYMER” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun, Heydər Əliyev adına Neft Emalı Zavodunun və Karbamid Zavodunun rəhbər və mühəndis-texniki işçiləri üçün “Proseslərin təhlükəsizliyinə rəhbərlik” və “Texnoloji proseslərin idarə edilməsi” sessiyalarının proqramları çərçivəsində Schneider Electric” şirkətinin ABŞ-dan dəvət olunmuş eksperti – Təhlükəsizlik xidmətləri təcrübəsi üzrə mütəxəssis Farşad Hendi tərəfindən müasir standartlar üzrə mühazirələr təqdim olunub və müzakirələr aparılıb.

Tədbirdə sözügedən strukturların 50-yə yaxın əməkdaşı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR