Pan Gi Mun: “Müasir çağırışlar dünya dövlətlərindən misilsiz əməkdaşlıq nümayiş etdirməyi tələb edir”

Pan Gi Mun: “Müasir çağırışlar dünya dövlətlərindən misilsiz əməkdaşlıq nümayiş etdirməyi tələb edir”
# 15 oktyabr 2015 08:14 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT Baş Assambleyasının üzv dövlətləri təşkilatın fəaliyyəti barədə məruzəni müzakirə ediblər.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, müzakirələrdə əsas mövzu təşkilatın ötən il, eləcə də son 70 il ərzində göstərdiyi fəaliyyət və gələcəkdə qarşıya qoyulan vəzifələr barədə olub. Baş katib Pan Gi Mun dünyada hələ də köhnə problemlərin qaldığını bildirib və dövlətlər arasında bu məqsədlə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb: “BMT-nin 70 illiyində biz çoxsaylı nailiyyətlərimizə görə fəxr edə bilərik. Bu müddət ərzində dünya qlobal miqyaslı münaqişədən qaça bilib”.

Bununla yanaşı, baş katib yoxsulluqdan tutmuş ayrı-seçkiliyə qədər, problemlərin mövcudluğuna diqqət çəkib. Onun sözlərinə görə, bütün dünya ölkələrində qeyri-bərabərlik inkişaf edir və yoxsul təbəqə daha da yoxsullaşır. Pan Gi Mun qeyd edib ki, bu gün insanlar terror və münaqişələrin nəticələrindən əziyyət çəkir: “Milyonlarla insan "Boko Haram", "Əş Şahab", "İŞİD" kimi ekstremistlərin inanılmaz qəddarlıqları ilə üzləşiblər. Bir çox xarici silahlılar isə bu qruplaşmaların ardınca gedirlər”.

Ukraynanın şərqindəki münaqişə barədə danışan baş katib bu münaqişənin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid törətdiyini diqqətə çatdırıb: “Daha qarşısıalınmaz xarakter alan beynəlxalq sülh, təhlükəsizliyə olan bu təhdidlər bizə münaqişələrin dayandırılması, sülh və sülh quruculuğu tədbirlərinin dəstəklənməsi üçün yanaşmalarımızı yenidən nəzərdən keçirməyə məcbur edir”.

Pan Gi Mun ətraf mühitin çirklənməsi və resursların tükənməsi problemləri ilə bağlı narahatlığını da ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR