Rövnəq Abdullayev: "Bu il qaz itki səviyyəsi 7,9%-a qədər endiriləcək"

Rövnəq Abdullayev: "Bu il qaz itki səviyyəsi 7,9%-a qədər endiriləcək"
# 05 fevral 2018 15:13 (UTC +04:00)

Bu gün "Azəriqaz" İstehsalat Birliyinin inzibati binasında “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları”na həsr olunmuş konfransda Azərbaycan prezidenti İlham Əliyevin ölkənin qazlaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə İB tərəfindən indiyədək görülmüş işlərə nəzər yetirilib, prioritet istiqamətlər müəyyənləşdirilib, Birliyin fəaliyyəti ətraflı təhlil edilib.

Müşavirədə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan dövləti və yüz faizli dövlət şirkəti olan SOCAR ölkə əhalisinin qaz təminatını, yerli istehlakçıların tələbatını mütləq prioritet hesab edir: "Odur ki, “Azəriqaz”ın məsuliyyət yükü bu məsələdə hamıdan çoxdur. Son illər respublikanın qaz təsərrüfatının, qazpaylayıcı şəbəkənin inkişafı istiqamətində ciddi tədbirlər görülsə də, aparılan işlərin effektivliyi bu gün bir daha təhlil edilməli, müştəri məmnunluğuna tam nail olunmalıdır.”

Müşavirədə qeyd olunub ki, respublika ərazisində qazlaşdırma sahəsində aparılan geniş miqyaslı işlər nəticəsində ölkəmizdə əhalinin qazla təchiz edilməsi 93%-ə çatdırılıb: "Bir çox xarici ölkələrdə qazlaşdırma kommersiya əsasında keçirilir və onun xərcləri istehlakçıların üzərinə düşür. Lakin Azərbaycanın dövlət başçısının iradəsi belədir ki, qazlaşdırma xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir. Bu mənada qaz təchizatı ölkəmizdə sosial öhdəliklərdən biridir".

Rövnəq Abdullayev bildirib ki, “Azəriqaz” İstehsalat Birliyinin dövlətin tapşırıqları və ona ayrılan vəsaitlərin müqabilində nəzərdə tutulan işləri maksimum mümkün səmərə ilə yerinə yetirməlidir. Qeyd edək ki, ölkə başçısının Dövlət Neft Şirkətinə bu il üçün 100 milyon manat vəsait ayıraraq, qazlaşdırma səviyyəsinin 93%-dən 95%-ə çatdırılması haqqında verdiyi tapşırığın vaxtında və yüksək keyfiyyətlə icra olunması cari ilin ən əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirilib. Abşeron yarımadasında qaz infrastrukturunun köhnəlməsi ilə əlaqdar yaranan qaz itkilərinin azaldılması istiqamətində “Azəriqaz” tərəfindən radikal addımların atılmasının zərurəti qeyd olunub, cari ildə itki səviyyəsinin 7,9%-a qədər endirilməsi başlıca hədəf kimi vurğulanıb.

Tədbirdə geniş məruzə ilə çıxış edən “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Əkbər Hacıyev məlumat verib ki, 2010-2017-ci illərdə Azərbaycanda yaşayış məntəqələrinin geniş miqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib. O qeyd edib ki, 2009-cu ilin iyul ayına qədər mövcud qaz şəbəkəsinin uzunluğu 10536 km təşkil edirdisə, Birliyin fəaliyyət göstərdiyi 8 ilə yaxın vaxt ərzində 48558 km yeni qaz kəmərləri çəkilib, 9101 km müxtəlif diametrli qaz xətləri yenidən qurulub, 29 ədəd qazpaylayıcı stansiya və qaztənzimləyici məntəqə quraşdırılıb.

Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyevin vətəndaşların sosial rifahının yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması üzrə müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq bu günə qədər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xidməti müqavilə əsasında 7 minə yaxın vətəndaş işlə təmin olunub: "Hazırda “Azəriqaz” tərəfindən kadr strukturları və ümumi idarəetmə sahəsində aparılan islahatlar bundan sonra təmir-bərpa işlərinin daha sürətli və effektli keçirilməsini proqnozlaşdırmağa əsas verir". Ə. Hacıyev ASAN Kommunal mərkəzinin “Azəriqaz”la əməkdaşlığı barədə məlumat verib. O qeyd edib ki, bu əməkdaşlıq kommunal xidmət səviyyəsi və müştəri məmnunluğunun əhəmiyyətli dərəcədə artması üçün münbit zəmin yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR