Mədə kiçildilməsi əməliyyatları üçün edilən müraciətlər çoxalıb

Mədə kiçildilməsi əməliyyatları üçün edilən müraciətlər çoxalıb
# 11 noyabr 2016 10:02 (UTC +04:00)

"Azərbaycanda artıq çəkili insanlara mədə kiçiltməsi əməliyyatı və metabolik cərrahiyyə həyata keçirilir. Bizim əməliyyat etdiyimiz xəstələrin çoxu şəkərli diabet xəstələridir. İndi elə bir hal yoxdur ki, şəkərli diabet xəstəsi əməliyyat olunmasın".

APA-nın xəbərinə görə, bunu M. Mirqasımov adına Respublika Klinik Xəstəxananın baş həkiminin cərrahiyyə işləri üzrə müavini Elmir Əsgərov deyib.

E. Əsgərov bildirib ki, yalnız nəzarətdə saxlanmayan şəkərli diabet xəstələri ilə bağlı əməliyyat zamanı problemlər ortaya çıxa bilər. Onun sözlərinə görə, onlar insulindən asılı, nəzarətsiz olan, qanda şəkəri 400-500-ə yüksələn xəstələrdir: "Onların yaralarında müəyyən problemlər əmələ gəlir. Nəzarət altında olan xəstələrin əməliyyatla bağlı hər hansı problemi olmur. Onlar normal insanlar kimi əməliyyat oluna bilirlər. Əməliyyat bir həkim üçün ən son yol olmalıdır. Əgər xəstənin çəki itirmək problemi olarsa, ona mədə kiçiltməsi əməliyyatı uyğundursa, onda biz mədə kiçiltməsi əməliyyatını icra edirik. Bu, böyük bir əməliyyatdır. Əməliyyatda və əməliyyatdan sonra yarana biləcək fəsadları nəzərə almaq lazımdır".

E.Əsgərov vurğulayıb ki, mədə kiçiltməsi əməliyyatının aparılması üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi tibbi göstərişlər var. Onun sözlərinə görə, əməliyyat həmin göstərişlərə uyğun olaraq aparılmalıdır: “Bu əməliyyatlar edilərkən xəstənin psixoloji durumu, başqa ağır xəstəliyinin olub-olmaması nəzərə alınır. Azərbaycanda mədə kiçiltməsi əməliyyatları artıq uğurla icra olunur. Xəstələrin əməliyyatdan sonrakı çəki itkiləri çox qənaətbəxşdir. Son illərdə xalqın maariflənməsi səbəbindən mədə kiçildilməsi əməliyyatları üçün edilən müraciətlərin sayı çoxalıb. Amma biz xəstələrə əməliyyatdan öncə digər çəki itirmək yolları barədə də tövsiyələr veririk”.

Baş həkimin müavini qeyd edib ki, dünyada 2 milyarda yaxın insanın çəkisi normadan çoxdur. Bu insanların bir çox xəstəliklərə düçar olduqlarını deyən E.Əsgərov vurğulayıb ki, onlardan biri də 2-ci tip şəkərli diabet xəstəliyidir: "2-ci tip diabetli xəstələrinin bir çoxunda bu xəstəlik əsasən artıq çəkidən əmələ gəlir. Bütün dünyada belə xəstələrə bariatrik və metabolik cərrahiyyə əməliyyatları tətbiq olunur. Bu əməliyyatlar ən çox ABŞ-da icra edilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR