Goranboyda qardaşın bacısını qətlə yetirməsinin üstü 7 ildən sonra açılıb

Goranboyda qardaşın bacısını qətlə yetirməsinin üstü 7 ildən sonra açılıb
# 29 mart 2018 13:00 (UTC +04:00)

Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

Araşdırma zamanı məlum olub ki, R. Hüseynova 2011-ci ildə qardaşı - 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən A. Hüseynov saxlanılıb.

Məlumata görə, R. Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb. Deyilənə görə, R. Hüseynova iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.

R. Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR