İran XİN: BMT baş katibinin hesabatı bizim üçün etibarsızdır

İran XİN: BMT baş katibinin hesabatı bizim üçün etibarsızdır
# 02 mart 2018 11:32 (UTC +04:00)

“BMT baş katibinin İranda insan haqlarının durumu ilə bağlı hesabatı İslam Respublikası üçün dəyərsiz və etibarsızdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bu gün keçirdiyi mətbuat konfransında deyib.

B. Qasımi bildirib ki, BMT baş katibinin hesabatı qurumun İnsan Haqları Şurasının növbəti iclasına təqdim etmək məqsədilə hazırlanıb: “Öncədən də müşahidə edirdik ki, bu kimi hesabatlar mahiyyət və prinsip etibarı ilə çoxlu nöqsanlara malikdir. Hesabat etibarsız qaynaqların məlumatları əsasında hazırlanıb, hesabatda İranın insan haqları sahəsindəki nailiyyətləri qeyd olunmayıb. İran İslam Respublikası qabaqcıl İslam qanunları və ölkə konstitusiyasının prinsiplərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını daha yaxşı səviyyədə təmin edir”.

B. Qasımi deyib ki, insan haqları amili ikili standartlar, siyasi və xüsusi məqsədlər üçün alət kimi istifadə edilir. “İran hesab edir ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən Yaxın Şərq ölkələrindəki müharibələr nəticəsində insan faciələrinin yaşandığı bir vaxtda ikili standart siyasəti yürüdərək bu və digər ölkədə insan haqları durumunu dəyərləndirmək dünya ictimaiyyətinin BMT-yə etimadsızlığına səbəb olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR