Turizm və Menecment Universitetinə yeni prorektor təyin olunub

Turizm və Menecment Universitetinə yeni prorektor təyin olunub
# 12 aprel 2018 15:17 (UTC +04:00)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

APA-nın məlumatına görə, nazirliyin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Elm sektorunun müdiri Vüqar Məmmədovun iştirakı ilə Anar Eminov kollektivə ATMU-da prorektor kimi təqdim edilib.

A. Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr dərəcəsindən fərqlənmə diplomu ilə məzun olub, 2004-2006-cı illərdə Türkiyə Respublikası Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda “Beynəlxalq biznesin idarə olunması” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2000-ci ildə universitetlər arası Riyaziyyat olimpiadasında birinci yerə layiq görülüb. Anar Eminov, 2007-2011-ci illərdə Qərb Universitetinin “Hüquq” fakültəsində “hüquqşünas” ixtisası üzrə əlavə (ikinci) ali təhsil alaraq “hüquqşünas” ixtisasına yiyələnib.

2007-2009-cu illərdə İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində “Dünya İqtisadiyyatı” ixtisası üzrə doktorantura təhsilini vaxtından əvvəl başa vuran A.N.Eminov 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən etibarən Azərbaycan Turizm və Menecment Universitetində “Turizmdə menecment və marketinq” kafedrasında müəllim, baş müəllim, 2013-cü ildən etibarən isə “Marketinq” kafedrasının müdiri vəzifəsində çalışır. 2016-cı ildən “Marketinq” kafedrasının dosentidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR