AZAL-ın Gürcüstana daşıdığı sərnişinlərin sayı 36,6% artıb

AZAL-ın Gürcüstana daşıdığı sərnişinlərin sayı 36,6% artıb
# 22 yanvar 2018 18:40 (UTC +04:00)

2017-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 87 044 sərnişin daşıyıb.

APA-nın yerli bürosu Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadən xəbər verir ki, bu göstərici 2016-cı illə müqayisədə 23 368 sərnişin və ya 36,6% çoxdur.

Ötən il AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib. 2017-ci ildə qonşu ölkədə yerli və xarici aviaşirkətlər ümumilikdə 3 mln. 982,313 min sərnişinə xidmət göstərib.

Daşınmış sərnişinlərin sayına görə “Türk Hava Yolları” (THY) aviaşirkəti birinci yeri saxlayıb. Türkiyənin ən iri aviaşirkəti 2017-ci ildə Gürcüstana 463 840 sərnişin daşıyıb. Aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 12% olub.

Qeyd edək ki, ötən ilin sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşlar AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkət tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR