Vasim Məmmədəliyev: “Belə kişisənsə, get, Qarabağda vuruş, Suriyada nə işin var?”

Vasim Məmmədəliyev: “Belə kişisənsə, get, Qarabağda vuruş, Suriyada nə işin var?”
# 19 dekabr 2014 12:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “İslam dininin qayəsində insanpərvərlik, vətənpərvərlik durur. Din ən yüksək mənəvi dəyərlərin ən yüksək təzahürlərindən biridir. Din insanı axirət səadətinə qovuşdurur”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Alimlərinin I Qurultayında Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev söyləyib.

V.Məmmədəliyev deyib ki, İslam təcavüzkar din ola bilməz: “Günahsız insanı öldürmək bütün bəşəriyyəti öldürmək, günahsız insanı ölümdən xilas etmək bəşəriyyəti xilas etməkdir. Belə dində necə insanlığa qarşı hərəkət etmək olar? O başqa məsələdir ki, dindən başqa məqsədlə istifadə etməyə çalışan qüvvələr var və təcrübəsi olmayan gəncləri yoldan çıxarırlar. Dini maarifçilik sahəsində işlər görülməlidir. Respublikada belə işlər görülür, amma təcrübə göstərir ki, bu işlər yetərincə deyil”.

V.Məmmədəliyev bildirib ki, indi cavanları azdırır, Əfqanıstana, Suriyaya aparırlar: “Bunların da arxasında böyük pullar dayanır. Cavanlarımızın təcrübəsizliyindən istifadə edirlər. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə fəaliyyət göstərir. Ancaq bu yetərli deyil. Ali məktəblərdə də bu sahədə təbliğat aparmaq lazımdır. İslam adından istifadə edib hakimiyyətə gəlmək istəyənlər İslamı istədikləri kimi yozub, gəncləri yoldan çıxarmağa çalışırlar. Bütün bunlar dövləti, cəmiyyəti düşündürən məsələlərdir və bu məsələlərin həlli yolunu axtarmaq lazımdır. Gəncləri belə təsirlərin altına düşməyə qoymaq olmaz. Əfqanıstanda, Suriyada döyüşürlər, İraq Şam İslam Dövləti yaratmaq istəyirlər. Belə kişisənsə, get, Qarabağda vuruş, Suriyada nə işin var? Qadınlarımızı, gənclərimizin cürbəcür işlərə təhrik edilməsinin qarşısını almaq lazımdır”.

V.Məmmədəliyev əmin olduğunu bildirib ki, Azərbaycanda heç vaxt dini zəmində qarşıdurmalar olmayıb və olmayacaq: “Azərbaycanda heç vaxt sünni, şiə, vəhhabi zəminində toqquşma olmayıb. Çünki heç vaxt Azərbaycan cəmiyyəti dindən hakimiyyətə gəlmək üçün vasitə kimi istifadə etməyib. Şah İsmayıl Xətai şiəlikdən istifadə edərək hakimiyyətə gəlib, o vaxt hakimiyyətə gəlmək üçün belə ideologiya lazım idi. Amma bunu istisna etmək, ümumiyyətlə, Azərbaycanda dindən öz zərərli məqsədlərinə çatmaq üçün istifadə etməyib. Təcrübəsiz gənclər arasında dini maarifçiliyi gücləndirmək lazımdır. Azərbaycan xalqı belə şeylərə uymayacaq, xalqımız dindən axirət sevdasına qorumaq üçün yararlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR