Toni Bler: “İŞİD-lə mübarizədə yalnız hava hücumları kifayət deyil”

Toni Bler: “İŞİD-lə mübarizədə yalnız hava hücumları kifayət deyil”
# 22 sentyabr 2014 15:55 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Böyük Britaniyanın sabiq baş naziri Toni Bler hazırkı hökuməti İraqa qoşun göndərməyə çağırıb.

APA-nın məlumatına görə, keçmiş baş nazir bu barədə öz rəsmi internet səhifəsində yazıb.

İraqdakı İŞİD qruplaşmasına qarşı mübarizədə hava hücumlarının kifayət etmədiyini qeyd edən T.Bler İraqa quru qoşunlarını göndərməyin vacibliyini vurğulayıb. Onun kəskin tənqid etdiyi hazırkı siyasi məqamlardan biri də ölkədə radikalizm və qlobal İslamçı ekstremizmə qarşı mübarizənin uğursuzluğu olub: “Əhatəli hazırlanmış strategiya olmadan biz qeyri-sabitliyin, konfliktlərin əhatə olunduğu bir dünya ilə üzləşməli olacağıq və bizim torpaqlarımızda terror aktları törədiləcək. İŞİD-ə qarşı yalnız mübarizə aparmaq kifayət deyil, biz problemin qlobal xüsusiyyətini, onun miqyasını öyrənməliyik”.

Radikal İslamın fundamental problem olduğunu qeyd edən T.Bler əsas faktorun bütün terrorçu qruplaşmalarda Qərblə bağlı eyni dünyagörüşünün formalaşması olduğunu bildirib: “Biz İŞİD-lə qısa müddətdə mübarizəyə cəlb olunmuşuq. Lakin bu məsələnin kökünə gedənə, bu ideologiyanı araşdıranadək İŞİD kimi başqa bir qüvvə meydana çıxacaq və öz terrorçu fəaliyyətini davam etdirəcək”.

Keçmiş baş nazir G20 ölkələrini BMT tərəfindən təsdiqlənən beynəlxalq nizamnaməyə uyğun işləməyə, təhsil sistemində radikalizmin və dini separatizmin yayılmasının qarşısını almağa çağırıb. Sələfi Vəhhabizmi tədris edən bəzi məktəbləri və məscidləri “radikalizmin inkubatoru” adlandıran T.Bler terror təhlükəsinə qarşı milyardların sərf olunduğu halda, bu şəkildə radikalizmə imkan yaratmağı axmaqlıq adlandırıb: “Əlbəttə, biz tez-tez səhvlər etmişik. İndi biz öz güclərimizi birləşdirməli, diqqətimizi toplamalıyıq. Daha yaxşı gələcək üçün keçmişi öyrənməli, dar və partiyalararası mübarizədən, bir-birini nüfuzdan salmaq cəhdlərindən çəkinməliyik. Hazırkı vəziyyət ciddi təhlil və ona uyğun addımlar atmağı tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR