Bakıda Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının qurultayı keçirilib

Bakıda Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının qurultayı keçirilib
# 28 sentyabr 2012 11:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycan Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqının V qurultayı keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri Tofiq Quliyev qurumun IV qurultayından keçən dövr ərzində fəaliyyətinə dair hesabat və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

T.Quliyev çıxışında Azərbaycan iqtisadiyyatının son illər ərzində dinamik inkişafından danışıb: «Ölkə iqtisadiyyatında son 7 il ərzində 3 dəfə artım olub, adambaşına düşən ÜDM 5,5 min manatı ötüb və ölkənin xarici borcları minimuma endirilib. Genişmiqyaslı sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi nəticəsində son 7 ildə 900 min yeni iş yeri açılıb və bunun nəticəsində işsizliyin səviyyəsi 1,4 dəfə azaldılaraq 5,4%-ə düşüb. İqtisadiyyatın inkişaf edən sahələrindən biri də ölkənin kənd təsərrüfatı sektorudur. Bu sahədə də nəzərə çarpan artım müşahidə olunur. Belə ki, ötən ilin yekunlarına görə, kənd təsərrüfatında 5,8%, təkcə bu ilin 6 ayında isə 10,4% artım qeydə alınıb. Qeyd etməliyəm ki, hazırda Azərbaycanda aqrar sahədə 24 minə yaxın kənd təsərrüfatı müəssisəsi, 2800 fərdi sahibkarlıq təsərrüfatı, 550-dən çox emal müəssisəsi və 10 minlərlə ailə kəndli təsərrüfatları fəaliyyət göstərir».

T.Quliyev daha sonra Federasiyanın gördüyü işlər, qarşıda duran vəzifələr, özəl sektorda əmək müqaviləsi olmadan işçilərin muzdla işləməsi, həmçinin zəhmətkeşlərin iş şəraiti və sosial təminatları barədə danışıb: «Federasiyanın gördüyü işlər nəticəsində son 7 il ərzində həmkarlar ittifaqının fəaliyyəti ilə bağlı qanunvericiliyə 20-dən çox düzəliş edilib. Düzəlişlər əsəsən işçilərin iş şəraiti və onların sosial təminatlarının yaxşılaşdırılması, işçinin işdən çıxarkən onlara əmək haqqı ödənişinin edilməsi qaydaları sahələrini əhatə edib. Qeyd olunan dövrdə Həmkarlar İttifaqına işçinin müdiriyyətin təşəbbüsü ilə işdən azad olunması ilə bağlı 12 müraciət daxil olub və araşdırma nəticəsində yalnız 3 halda Həmkarlar İttifaqı Komitəsi tərəfindən işə götürənə icazə verilib».

T.Quliyevin sözlərinə görə, ötən dövr ərzində və yeni yaradılan və fəaliyyəti bərpa edilən həmkarlar ittifaqları təşkilatlarının sayı 150-ni ötüb və bu təşkilatlar özündə 11 871 həmkarlar ittifaqı üzvünü birləşdirir: «Təkcə bu ilin 9 ayında sahə üzrə 5 müəssisədə yeni həmkarlar ittifaqı yaradılıb ki, bu təşkilatlarda 205-dən çox həmkarlar ittifaqı üzvü var. Aparılan təhlillər nəticəsində məlum olub ki, V qurultayın əhatə etdiyi dövrdə toplanmış üzvlük haqqının 52,6%-i rayon təşkilatlarında, 47,4%-i isə bilavasitə Federasiyaya üzv olan ilk təşkilatlardan toplanılıb».

Sədr daha sonra özəl sektorda işçilərin əmək müqaviləsi olmadan işləməsi məsələsini ciddi problem olduğunu qeyd edib: «Özəl sektorda və xüsusi ilə kənd təsərrüfatı sahəsində muzdlu işçilərin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, qeyri-formal məşğuliyyətin mövcudluğu bu sahədə ciddi problemin olduğunu göstərir. Kənd təsərrüfatı sahəsində və özəl sektorda qeyri-formal çalışan minlərlə muzdlu işçi və onların ailə üzvlərinin dövlətin vətəndaşı üçün təmin etdiyi sosial təminatlardan mərhum olması deməkdir. Bu da gənc nəslin sosial təminatlar sıradan daha güclü təmin olunmuş istehsalat sahələrinə üstünlük verməsi, gənclərin şəhərə axınına səbəb olur».

Tədbirin sonunda Federasiyanın Təftiş Komissiyasının hesabatı dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR