Quba hadisələrinə görə tutulan şəxsin apelyasiya şikayəti təmin edilməyib

Quba hadisələrinə görə tutulan şəxsin apelyasiya şikayəti təmin edilməyib
# 16 iyul 2012 14:15 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bu gün Bakı Apelyasiya Məhkəməsində Quba hadisələrinə görə tutulan Akif Əliyevin şikayətinə baxılıb. Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkil Əsabəli Mustafayev məlumat verib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs saxlanılan zaman öz prosessual hüquqlarının pozulması ilə Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. A. Əliyev həmin iş üzrə apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi A. Əliyevin şikayətini təmin etməyib.

Qeyd edək ki, Quba rayon icra hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikili və başçıya məxsus fərdi yaşayış evi yandırılıb, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilib.

Hadisədən dərhal sonra faktla bağlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.

Həyata keçirilən tədbirlərlə cinayətdə iştirak etmiş 25 şəxs müəyyən olunaraq istintaqa cəlb edilib. Onlardan yalnız ictimai qaydanın kobud sürətdə pozulmasında, fiziki və hüquqi şəxslərə məxsus əmlakın məhv edilməsində fəal iştirak edən bir qrup şəxs Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə tərəfindən barələrində həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR