Prezident İlham Əliyev: “Azərbaycan hazırda xarici bazarlarda nüfuzlu investor kimi çıxış edir”

Prezident İlham Əliyev: “Azərbaycan hazırda xarici bazarlarda nüfuzlu investor kimi çıxış edir”
# 04 iyun 2012 16:35 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi XIX Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012” sərgisi və konfransının açılışı münasibətilə səmimi qəlbdən salamlayıram. Hamınıza cansağlığı və işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Bu mötəbər ənənəvi tədbirin bünövrəsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən elan edilmiş yeni neft siyasəti ilə eyni vaxtda, 1994-cü ildə qoyulub. Həmin dövrdən Bakıda ardıcıl keçirilən belə mühüm sərgi və konfransların ölkəmizin müəllifi və ya bilavasitə iştirakçısı olduğu strateji layihələrin həyata keçirilməsində, cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində və qlobal tərəfdaşlığın qurulmasında böyük rolu var.

Azərbaycan hazırda Avrasiya məkanında həm dayanıqlı infrastruktura və şaxələnmiş neft-qaz kəmərləri sisteminə malik etibarlı enerji daşıyıcıları təchizatçısı kimi tanınır, həm də xarici bazarlarda nüfuzlu investor kimi çıxış edir.

Respublikamızın başlatdığı daha bir irimiqyaslı layihə ən müasir tələblərə cavab verən neft-kimya kompleksinin yaradılmasıdır. Əməkdaşlıq üçün geniş perspektivlər açan bu meqalayihə Azərbaycanın neft-qaz emalı sənayesini keyfiyyətcə yeni mərhələyə çıxarmaqla ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq.

Builki sərgi və konfransda 30-dan artıq ölkənin 300-dən çox şirkəti iştirak edir. Əminəm ki, bu görüşünüz də qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsi və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyən olunmasına öz dəyərli töhfəsini verəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR