Mübariz Əhmədoğlu: “Səudiyyə Ərəbistanı ilə Azərbaycanın artan münasibətlərinə İranın reaksiyasına əvvəldən hazırıq”

Mübariz Əhmədoğlu: “Səudiyyə Ərəbistanı ilə Azərbaycanın artan münasibətlərinə İranın reaksiyasına əvvəldən hazırıq”
# 02 iyul 2012 08:45 (UTC +04:00)
Bakı-APA. Bakıda keçirilən «Eurovision» Mahnı Müsabiqəsinə qarşı, eləcə də ümumilikdə Azərbaycan dövlətçiliyinə qarşı apardığı mübarizənin növbəti mərhələsini biabırçı şəkildə uduzan İran indi Azərbaycan Respublikasının siyasətinə qarşı yeni variantlar işləyib hazırlamağa başlayıb. Bəri başdan demək olar ki, İran bu kampaniyanı da uduzacaqdır.
Yeni kampaniyada güclənən Səudiyyə Ərəbistanı - Azərbaycan münasibətlərinə eyham da vurulmur. 20 nəfər terrorçunun İranda həbs edilməsi, Azərbaycanda mətbuata ötürülən ayrı-ayrı yazılar, bəzi gənclər təşkilatları və ya onların adından edilən hərəkətlər barədə verilən informasiyalar yavaş-yavaş genişləndirilir. 20 terrorçunun həbsində yeni element ondan ibarətdir ki, onların hazırlanmasında İngiltərənin “Mİ-6”sı ABŞ və İsrail kəşfiyyat orqanları ilə birlikdə iştirak edib. “Mİ-6” ona görə iştirak edib ki, İran islam inqilabının banisi Xomeyninin vəfat gününə həsr olunmuş tədbirlərdə iranlıların ali dini lideri islam inqilabı günlərində ingilislərin tutduğu roldan danışıb. Tam əminliklə demək olar ki, bundan sonra uzun müddət ABŞ və İsraillə yanaşı İngiltərənin də adı İran tərəfindən neqativ fonda çəkiləcəkdir.
İranın Azərbaycan üçün yaratmaq istədiyi yeni imic Azərbaycanın bütün qonşuları ilə problemli görünməsi imicidir. 15 qonşusunun 14-ü ilə son 30 il ərzində az qala müharibə həddində olan İran indi Azərbaycan Respublikasına qonşuları ilə münasibət qurmasına irad bildirir. Müsəlman qonşularının torpaqlarının işğalında iştirak edən İran Azərbaycan Respublikasının işğalçı qonşusu ilə də eyni istiqamətdə siyasət yürüdür. Azərbaycanın normal qonşuluq siyasəti bütün qonşularına aiddir. Bu siyasət cəmi bir dövlətə - Ermənistana şamil edilmir, çünki torpağımızı işğal edib. Başqa bir qonşumuz isə davranışı ilə özünü belə siyasətdən məhrum edib. İranlıların qarşısında o dövlətin adını çəkməyə ehtiyac hiss etmirik, çünki irandakılar həmin qonşumuzu çox gözəl tanıyırlar.
Gürcüstanla münasibətlərimizdə hər şey çox normaldır. Ermənilər son dövrdə Keşikçi Dağ məbədi kompleksinin mənsubiyyətini özlərinə xas şəkildə gündəliyə gətirdilər. Nisbi gərginlikdən sonra hər şey öz yoluna düşdü. Gürcüstan Xarici İşlər Nazirliyinin bu mövzuda standart tezisi var və tez-tez təkrarlayır: “Keşikçi Dağ məbədi Azərbaycan ərazisidir, oranı Azərbaycan sərhədçiləri mühafizə etməlidir. Gürcü zəvvarlar ziyarət edə bilərlər. Sərhədlərin delimitasiyası danışıqları davam edir”. Tehranda kiminsə şübhəsi varsa, Gürcüstandakı səfirlərindən soruşa bilərlər. Yeri gəlmişkən, səfir kifayət qədər aktiv siyasət aparır və Ermənistanda işləmiş fars səfirdən fərqli olaraq İranın və müsəlmançılığın maraqlarını satmayıb, əksinə, ölkəsinin maraqlarını müdafiə edib.
Türkiyə ilə münasibətlərimiz emosional, tüklər demiş, duyğusal dövrünü bitirib, praqmatik eraya qədəm qoyub. Şirin sözləri real iqtisadi, hərbi, humanitar layihələr əvəzləyib. Qoşunların təmas xəttində vəziyyət gərginləşən kimi türk komandanları dərhal Azərbaycana gəlirlər. Hətta Xəzər dənizində son insident zamanı Türkiyə Hərbi Donanması komandanının da dərhal Bakıya gəlməsi ilə bağlı qərar qəbul edildi.
Rusiya ilə münasibətlərimiz hədsiz yaxşıdır. Aramızda indiki zamanda olan mübahisə və ya gərginlik lokaldır və zamanca məhdud xarakterlidir. Az bir müddətdən sonra bu problem aradan qalxacaq. Söhbət Qəbələ RLS-in icarəsi ilə bağlı müqavilənin imzalanmasından gedir. Rusiya indi Qəbələ RLS-dən istifadənin şərtini dəyişir, onu KTMT-nin hərbi obyektləri sırasına salmaq istəyir. Azərbaycan isə KTMT-yə üzv olmaq niyyətində deyil. Ona görə də Qəbələ RLS-nin ikitərəfli münasibətlərdən kənara çıxmasına razılıq vermir. Qəbələ RLS ümumilikdə bitmiş bir məsələdir. Belə ki, Rusiya AvroRƏMS-in tərkib hissəsi ola bilmədi. İranın bizim Rusiya ilə son gərginliyimiz kimi təqdim etdiyi münasibətlər, əslində, İranın xeyrinədir. Azərbaycan İranı izləyən stansiyanın fəaliyyətini məhdudlaşdırmaq istəyir. İran isə bundan istifadə edib, Rusiyanı bizim üzərimizə qaldırmağa cəhd edir. Əgər İran belə yol gedirsə, bizdə müəyyən fikirlərin daşıyıcısı olan qrupların da mövcudluğunu nəzərə alsın. Azərbaycanda müəyyən qruplar Azərbaycanın KTMT üzvlüyündə təkid edirlər. Məqsəd Azərbaycanın bayrağını minimum Kərəcdə sancmaqdır. Hətta Azərbaycanda Nadir şah dövründə olduğu kimi, iranlıların “Fars körfəzi” adlandırdığı körfəzədək Azərbaycan ərazisinə sahib çıxmağa iddia edən qruplar var.
Türkmənistanla münasibətlərimizdə birdən-birə ortalığa çıxan son insident həqiqətən bizim üçün gözlənilməz oldu. İran mətbuatının çabalamasından onun bu işdən xəbəri olduğu fikrinə gəlmək mümkündür. Eləcə də ermənilərlə birlikdə fəaliyyət də hiss olunur.
İranın ermənilərlə birlikdə fəaliyyəti ölkəmizdəki milli azlıqlar məsələsinə münasibətdə də özünü göstərir. Son beş ildə ermənilər Azərbaycanın çoxmillətli dövlət olmasından onun əleyhinə istifadə etməyə çalışırlar. İndi çoxmillətli İran da monoetnik Ermənistana qoşulub, çoxmillətli Azərbaycana qarşı mübarizə aparır. İranda talışın liderini öldürən, talışın mədəni-muxtar inkişafına, dilinin yayılmasına şərait yaratmayan İran bir dəstə talışı qızışdırıb Azərbaycanda talışların hüquqlarının “müdafiəsini” gündəliyə gətirir. İranın talışlara hörməti olsaydı, öz ərazisində bunu nümayiş etdirərdi; hörməti olsaydı, özünün cari ehtiyacının ödənilməsindən ötrü qədim tarixə malik xalqın hisslərini alətə çevirməzdi.
Bütün bunlar Azərbaycanın Səudiyyə Ərəbistanı ilə artan son münasibətlərinə görədir. İran Səudiyyə Ərəbistanı - Azərbaycan münasibətlərinə birbaşa müdaxilə edə bilməz. Formal da olsa, İran özünü müsəlman həmrəyliyinin tərəfdarı kimi göstərir. Amma yada salaq ki, bizim ehtiyat variantlarımız da var. Misal üçün, biz şiələrimiz üçün müctəhid kimi Əl-Sistanini və ya İraqda olan başqa ayətullahı təklif edəcəyik. Bizim şiələrimiz bilirlər ki, İran islam inqilabının banisi Xomeyni də özünün çətin vaxtlarında ayətullah əl-üzma, müctəhid əs-Sistaniyə müraciət edib.
İranın Azərbaycan Respublikasına qarşı yaxşılıqdan başqa yolu yoxdur. İran nə bacarırsa verməlidir ki, Azərbaycan onunla dost olsun. İran hətta ərazi bağışlamağı da düşünsün. Bu gün kiçik bir itki sabah böyük bir itkinin qarşısını alacaqdır. Yaxşılıq, yaxşılıq, yaxşılıq; başqa yol İranın parametrlərinin dəyişməsinə aparır. Çünki İran özü bu yolu seçib və bizə bu yoldan kənara çəkilməyə imkan vermir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR