Azərbaycanda könüllü avtomobil sığortası bazarı 34% artıb

Azərbaycanda könüllü avtomobil sığortası bazarı 34% artıb
# 16 avqust 2012 12:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü avtomobil sığortası üzrə ümumilikdə 26,598 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 33,71% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə avto-qəza hadisələrinə (könüllü sığorta növləri üzrə) görə verilən ödənişlərin həcmi 50% artaraq 10,456 mln. manata çatıb.

Bundan başqa, cari ilin yanvar-iyun aylarında «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə daxilolmaların həcmi 35,190 mln. manat olub ki, bu da analoji növ üzrə ötən ilin müvafiq göstəricisindən 15,8 dəfə çoxdur. Son bir il ərzində isə icbari avtomobil sığortası üzrə ödənişlər 3 dəfə artaraq 1,298 mln. manat təşkil edib.

Qeyd edək ki, könüllü avtomobil sığortası üzrə toplanan yığımların bazar üzrə məcmu sığorta haqlarında xüsusi çəkisi 16%, icbari avtomobil sığortası növünün payı isə 21% təşkil edib. İcbari avtomobil sığortasının məcmu sığorta haqlarındakı payının artımasına «İcbari sığortalar haqqında» qanunun qəbul edilməsi və bunun nəticəsində avtomobillərin mühərrikinin həcminə görə sığorta tariflərinin kəskin artması səbəb olub.

Aparılan araşdırmada məlum olub ki, bazarda avtomobil sığortası üzrə yığımların əsas hissəsi «AXA-Mbask», «Atəşgah Sığorta», «Standard Insurance», «Azərsığorta», «AzSığorta» və Beynəlxalq Sığorta Şirkətinin payına düşür.

Xatırladaq ki, 2011-ci ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 169,455 mln. manat, məcmu ödənişlər isə 41,444 mln. manat olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR