Bakıda standartlaşdırma sahəsində beynəlxalq tədbir keçirilib - FOTO

Bakıda standartlaşdırma sahəsində beynəlxalq tədbir keçirilib - <font color=red>FOTO</font>
# 07 may 2012 09:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda «Milli standartlaşdırma qurumu olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) beynəlxalq standartlaşdırma prosesində iştirakının gücləndirilməsi» mövzusunda tədbir keçirilib.

«APA-Economics»in məlumatına görə, Avropa Komissiyasının Texniki Yardım Məlumat Mübadiləsi Aləti (TAİEX) proqramı çərçivəsində keçirilən tədbirdə Avropa Birliyinə üzv ölkələrin standartlaşdırma orqanlarının beynəlxalq standartlaşdırma prosesində SMPDK-nın iştirakı təcrübəsi, eləcə də digər xarici ölkələrin standartları müzakirə edilib.

Tədbirdə SMPDK-nın texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev qeyd edib ki, standartlar sahəsində Avropa təcrübəsinin Azərbaycan üçün böyük əhəmiyyəti var: «Məhz bu tədbirin keçirilməsi ölkədə müəyyən standartların təkmilləşdirilməsi istiqamətində aparılan işlərə böyük dəstək ola bilər».

N.Tağıyevin sözlərinə görə, hazırda Azərbaycanda 21 mindən çox standart tətbiq edilir ki, bunun da 660-ı milli standartlardır: «Bununla yanaşı, komitə tərəfindən texniki tənzimləmə sahəsində də müəyyən işlər aparılır. Belə ki, Komitə tərəfindən «Texniki tənzimləmə haqqında» yeni qanun layihəsi hazırlanaraq Prezident Administrasiyasına təqdim edilib. Layihə həmin qurum tərəfindən müzakirə edildikdən sonra Milli Məclisin növbəti oxunuşlarına çıxarılacaq».

Tədbirdə Çexiyanın Standartlar Metrologiya və Sınaq İdarəsinin əməkdaşı Jiri Kratoçvil standartlaşdırma sahəsində fəaliyyət göstərən beynəlxalq (ISO IET, ITU) və Avropa təşkilatları (CEN, CENELEC, ETCI) barədə geniş təqdimatla çıxış edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR