Azərbaycanlı nazir Kibertəhdidlərə qarşı Beynəlxalq Çoxtərəfli Əməkdaşlıq Təşkilatının Məşvərət Şurasına üzv qəbul olunub

Azərbaycanlı nazir Kibertəhdidlərə qarşı Beynəlxalq Çoxtərəfli Əməkdaşlıq Təşkilatının Məşvərət Şurasına üzv qəbul olunub
# 17 oktyabr 2012 13:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dubayda (Birləşmiş Ərəb Əmirlikləri) «ITU World Telecom 2012» beynəlxalq sərgi və konfransı keçirilib.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Həmadan Ture və Burkino-Fasonun prezidenti Bleis Kompeao başda olmaqla ali qonaqlar Azərbaycan pavilyonunu ziyarət edib, ölkədə həyata keçirilən layihələrlə yaxından tanış olub, Azərbaycan stendini və burada nümayiş etdirilən İKT məhsul və həllərini, eyni zamanda təşəbbüsləri yüksək qiymətləndiriblər.

Sərgi və konfrans çərçivəsində Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ITU-nun baş katibi, Hindistan, İran, Misirin rabitə və informasiya texnologiyaları nazirləri, İT korporasiya və şirkət rəhbərləri ilə ikitərəfli görüşlər keçirib, sonra isə nazirlər toplantısında çıxış edərək, Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlar, qarşılıqlı əməkdaşlıq və gələcək perspektivlər haqqında danışıb.

Daha sonra xarici qonaqların iştirakı ilə «Azərbaycan: Qara qızılı insan qızılına çevirək» mövzusunda təqdimat keçirilib, müxtəlif çıxışlar dinlənilib və suallar cavablandırılıb.

Bundan başqa, Kibertəhdidlərə qarşı Beynəlxalq Çoxtərəfli Əməkdaşlıq Təşkilatı Beynəlxalq Məşvərət Şurasının növbəti iclası keçirilib və Ə.Abbasov bu quruma üzv qəbul olunub. Dünyanın 193 ölkəsindən 700-dən artıq şirkət, elm, İKT sahəsini özündə birləşdirən ITU-nun təşkil etdiyi bu sərgi-konfransda Ə.Abbasovun rəhbərliyi ilə 63 nəfərdən ibarət nümayəndə heyəti, o cümlədən 20-dən artıq İT şirkəti, özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri Azərbaycanı təmsil ediblər.

Sərginin VIP zalında 230 kv. metrlik sahədə Azərbaycanın milli pavilyonu təşkil olunub. Burada ölkədə həyata keçirilən genişmiqyaslı layihələr – «Azerspace», Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), «Elektron hökumət», «Elektron imza», nanotexnologiyalar, rəqəmsal televiziya, son mobil texnologiyalar olan 3G və 4G xidmətləri, eyni zamanda ölkədə elm və texnologiyalar sahəsində ən son elmi nailiyyətlər nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR