Sabah VI Bakı Beynəlxalq Futzal Turniri start götürəcək

Sabah VI Bakı Beynəlxalq Futzal Turniri start götürəcək
# 11 fevral 2013 06:36 (UTC +04:00)

Bakı – APA. Sabah VI Bakı Beynəlxalq Futzal Turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, ənənəvi keçirilən yarış fevralın 16-dək davam edəcək.

İlk dəfə 2008-ci ildə baş tutan yarış cəmi 2 qonaq komandanın iştirakı ilə keçirilmişdi. Həmin vaxt komandaların sayının düzəlməsi üçün Azərbaycan millisi ilə yanaşı, Bakı yığması da yarışa qatılmışdı.

Sonrakı 4 turnirdə isə ənənəvi olaraq, 3 yığma millimizlə birlikdə turnirin əsas mükafatı uğrunda mübarizə aparırdı. Baş tutan ilk 4 yarışın dəyişməz qalibi Azərbaycan millisi olurdu. Lakin 1 il əvvəl Ukrayna yığması bu seriyanı qıra bildi.

Turnirin son qalibi olan slavyanların bu dəfə ölkəmizə gəlməməyi yığmamızı aşkar favoritə çevirib. Qalib gələcəyi halda, komandamız 5-ci qələbə ilə penta-trik müəllifi olacaq.

Turnirin bütün qalibləri

I Bakı Beynəlxalq Futzal Turniri. (15/01/2008 - 18/01/2008) Azərbaycan
II Bakı Beynəlxalq Futzal Turniri (25/01/2009 - 28/01/2009) Azərbaycan
III Bakı Beynəlxalq Futzal Turniri (18/12/2009 - 21/12/2009) Azərbaycan
IV Bakı Beynəlxalq Futzal Turniri (05/02/2011 - 08/02/2011) Azərbaycan
V Bakı Beynəlxalq Futzal Turniri (14/01/2012 - 16/01/2012) Ukrayna

Əvvəlki illərdən fərqli, bu dəfə yarışda 6 komanda mübarizə aparacaq. Onlardan ikisi ölkəmizi təmsil edir. Belə ki, Azərbaycan millisi ilə yanaşı Azərbaycan-2 komandası da iştirakçılar sırasındadır. Qonaq qismində isə Özbəkistan, Latviya, Belarus və Moldova ölkəmizə gəlib.

Turnirin təqvimi
12 fevral

16:30. Özbəkistan - Azərbaycan-2
18:30. Azərbaycan - Latviya

13 fevral
16:30. Belarus - Azərbaycan-2
18:30. Latviya - Moldova

14 fevral
16:30. Belarus - Özbəkistan
18:30. Moldova - Azərbaycan

16 fevral
Final mərhələsi

14:30. A-3 - B-3 - 5-ci yer uğrunda oyun
16:30. A-2 - B-2 - 3-cü yer uğrunda oyun
18:30. A-1 - B-1 - Final

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR