Azərbaycan prezidenti: ““Nə sülh, nə də müharibə” şəraiti həmişəlik davam edə bilməz”

Azərbaycan prezidenti: ““Nə sülh, nə də müharibə” şəraiti həmişəlik davam edə bilməz”
# 27 sentyabr 2012 16:22 (UTC +04:00)
Bakı-APA. “Azərbaycanın keçən il BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi təkcə gənc bir dövlətin tarixində əlamətdar hadisə deyildi. Bu, həmçinin bizə mövqeyimizin, gündəliyimizin nədən ibarət olduğunu, sülh və sabitliyin yaranmasında beynəlxalq səylərə necə dəstək ola biləcəyimizi bütün dünyaya nümayiş etdirməyə imkan verir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Körpülərin salınması” beynəlxalq konfransında iştirak etmək üçün Bakıya gələn qonaqlarla görüş zamanı deyib.

Prezident Azərbaycanın ən böyük probleminin 20 ildir davam edən işğal problemi olduğunu qeyd edib: “Ərazilərimizin əhəmiyyətli hissəsi - Dağlıq Qarabağ və heç vaxt erməni əhalisinin məskunlaşmadığı və Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətraf rayonlar işğal altındadır. İyirmi ildir ki, beynəlxalq vasitəçi qrup fəaliyyət göstərir. Heç bir nəticə yoxdur. On səkkiz ildir ki, regionda ancaq kövrək sülhün qorunmasına yardım edən atəşkəs rejimi hökm sürür. Amma məsələnin ən vacib tərəfi ondan ibarətdir ki, biz BMT Təhlükəsizlik Şurasının işğalçı erməni birləşmələrinin torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə nail ola bilmirik. Bu, həqiqətən də çox təhlükəli vəziyyətdir. “Nə sülh, nə də müharibə” şəraiti həmişəlik davam edə bilməz. Lakin ermənilər bu status-kvonu möhkəmlətmək istəyirlər, heç nəyi dəyişmək və işğal olunmuş əraziləri boşaltmaq istəmirlər. Həmsədr ölkələrin - Fransa, Rusiya və ABŞ liderlərinin onlara ünvanlanan ismarıclarına qulaq asmırlar. Bu liderlər aydın şəkildə ismarıc göndəriblər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Status-kvonu dəyişmək üçün onlar geri çəkilməlidirlər. Bu, həqiqətən də bizim üçün ən böyük problemdir.
Bu, həm də regional sabitlik və təhlükəsizlik üçün ən ciddi problemdir.
Çünki münaqişə dondurulmayıb, amma sülh olduqca kövrəkdir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR