PA rəsmisi gənc könüllüləri Avropa Olimpiya Oyunları ilə bağlı tədbirlərdə aktiv iştiraka çağırıb

PA rəsmisi gənc könüllüləri Avropa Olimpiya Oyunları ilə bağlı tədbirlərdə aktiv iştiraka çağırıb
# 03 iyul 2014 09:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə yaratdığı ilk nazirlik Gənclər və İdman Nazirliyi olub. 20 il keçib, artıq demək olar ki, Gənclər və İdman Nazirliyi üzərinə düşən vəzifəni yerinə yerinə yetirib, gənclər təşkilatları ilə sıx əlaqə qurub, gənclər siyasətinin həyata keçirilməsinə gənclər təşkilatlarını cəlb edib”.

APA-nın məlumatına görə, bunu bu gün Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülər Xidməti” Proqramı və “Gənclər mərkəzləri və Gənclər evləri” virtual xəritəsinin təqdimatı mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov söyləyib.

T. Süleymanov deyib ki, prezident İlham Əliyev də gənclər təşkilatlarının fəallıqlarını xüsusi vurğulayıb: "Gənclər təşkilatlarının fəal olması iki amillə bağlıdır. Birinci səbəb gənclərin cəmiyyətin ən fəal, təşəbbüskar, innovasiyalara meylli olmasıdır. İkinci səbəb isə dövlətin gənclər təşkilatlarına dəstəyi ilə bağlıdır”.

Ölkədə yaradılmış 3000-dən çox QHT-dən 300-nün gənclər təşkilatı olduğunu bildirən T. Süleymanov gənclər təşkilatlarının layihələrinə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu tərəfindən dəstək verildiyini və buna görə də ən böyük layihələrin gənclər təşkilatları tərəfindən həyata keçirildiyini nəzərə çatdırıb. O, 250 aktiv gənclər təşkilatının 110-nun Gənclər Təşkilatları Milli Şurası ətrafında birləşdiyini də qeyd edib.

T. Süleymanov Vətənə, dövlətə könüllü xidmət göstərməyin ən nəcib xidmət olduğunu vurğulayıb: “Bu keyfiyyət tarixən xalqımıza xas olub və bu gün də xasdır. Ancaq bu gün Azərbaycanda demək olar ki, tez-tez böyük beynəlxalq tədbirlər keçirilir. İndiyə qədər bu tədbirlərdən ən böyüyü, ən kütləvisi “Eurovision” Mahnı Müsabiqəsi olub. Bunun da səbəbi gənclərin bu tədbirə aktiv qoşulması idi. Gələn il isə Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Qonaqların qarşılanması, xalqımızın adət-ənənələri ilə tanış edilməsi və digər istiqamətlərdə könüllülərin üzərinə böyük iş düşəcək. Gənclər və İdman Nazirliyinin yaradılması münasibəti ilə gəncləri, gənclər təşkilatlarını təbrik edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR