Ekologiya mövzusuna həsr olunmuş Gənclərin II Ümumrespublika Teatr Festivalına hazırlıq gedir

Ekologiya mövzusuna həsr olunmuş Gənclərin II Ümumrespublika Teatr Festivalına hazırlıq gedir
# 15 noyabr 2012 14:47 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. “Bizə ideya lazımdır” devizi ilə keçirilən Gənclərin II Ümumrespublika Teatr Festivalına ssenari qəbulu artıq başa çatıb. APA-nın məlumatına görə, bununla əlaqədar festivalın yaradıcı heyəti mətbuat konfransı keçirib.

Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə çıxış edən festivalın rəhbəri, millət vəkili Jalə Əliyeva festivalın mövzusunun ekologiyaya həsr olunduğunu söyləyib: “Ötən il 12 iyulda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən “İDEA - Ətraf mühitin müdafiəsi üzrə Beynəlxalq Dialoq” təşəbbüsü irəli sürülüb. Biz də düşündük ki, teatra gələn gənclərimiz vətəni sevməyin yolunun vətənin hər daşını, hər guşəsini, hər ağacını, hər çiçəyini sevməkdən başladığını səhnədə gözləri ilə görsünlər. Festivalın keçirilməsində məqsəd həm gəncliyi yaradıcı dialoqa cəlb etmək, həm də gənc teatr kollektivlərinin hər üzvünü ekoloq-səfir olmağa həvəsləndirməkdir. Bu festival əslində qiymətli priz ya pul uğrunda gərgin rəqabət xarakteri daşımır. Festival daha çox gənclərin arasında fikir mübadiləsi, ideyalar toplusu, yaradıcı laboratoriya kimi nəzərdə tutulub”.

Layihənin icraçı direktoru Ramil Ağasiyev bildirib ki, festivalda nümayiş olunan tamaşalar hələlik adları açıqlanmayan münsiflər tərəfindən xüsusi blanklarda qeyd etməklə qiymətləndiriləcək. Onun sözlərinə görə, festival 3 mərhələdə həyata keçirilib. I mərhələdə - 12 iyul-30 avqustda pyes-ssenarilərin qəbulu və seçimi aparılıb. Publisist-jurnalist Yaşar Əliyev, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın xan Əbilov və gənc yazar Qaraqan tərəfindən 5 ballıq sxem üzrə qiymətləndirmə olub. 35 ssenaridən 13-ü seçilib. II mərhələdə ( 30 avqust-24 noyabr) seçilən yaradıcı heyətlərə tamaşaları hazırlamaq üçün vaxt verilib. III mərhələ isə 24-30 noyabrda olacaq.

Festivalda birinci yeri qazanan komanda 3 min manat, ikinci yer 2 min, üçüncü yeri qazanan komanda isə 1.000 manat məbləğində mükafat alacaq. Bundan başqa, ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı kişi və qadın rolları seçilərək qiymətləndiriləcək.

Festivala Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Amerika Alyansı dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR