Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı yeni qaydalar hazırlanıb

Azərbaycanda bank əmanətlərinin sığortalanması ilə bağlı yeni qaydalar hazırlanıb
# 26 aprel 2013 11:18 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov bildirib.Onun sözlərinə görə, «Royal Bank»dan sonra qanunvericiliyə dəyişikliklər hazırlanıb. Dəyişikliklər həm bu sahədəki qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, həm də «Royal Bank»ın müflis olmasından sonra əmanətlərin qaytarılması mexanizminin təkmilləşdirilməsi məqsədi daşıyır: «Royal Bank»ın müflis olması nəticəsində əmanətlərin sığortalanması mexanizminin praktiki işində bəzi məsələlər ortaya çıxıb ki, onlara da aydınlıq gətirilib və qanunvericiliyə dəyişiklik hazırlanıb».

Fond rəhbəri bildirib ki, dəyişikliklər nəticəsində qorunan əmanətlərin sırası genişlənəcək. Belə ki, qorunmayan əmanətlərlə bağlı indiyədək mövcud olan 10 haldan 3-ü ləğv edilir. Nəticədə, əgər indiyədək fərdi sahibkarların banklardakı əmanətləri sığortalanmırdısa, dəyişikliklərdən sonra bu mümkün olacaq. Digər tərəfdən, hazırda eyni bankda həm krediti, həm də depoziti olanların əmanətləri qorunmur, dəyişikliklərdən sonra bu əmanətlər də sığortalanacaq. Nəhayət, indiyədək təminatı olan depozitlər qorunmurdu, bundan sonra onlar da qorunacaq.

Gələcəkdə isə bu addımların davamı kimi, hüquqi şəxslərin də bank depozitlərinin sığortalanması mümkün olacaq. Lakin bu, sonrakı mərhələlərdə tətbiq ediləcək.

Dəyişikliklərə əsasən, hər üç qrup üzrə əmanətlər hazırda qüvvədə olan çərçivələr daxilində (illik faiz dərəcəsi 12%-dən, əmanətin məbləğinin isə 30 min manatdan yüksək olmaması şərti ilə) sığortalanacaq.

Gözlənilən digər dəyişiklik batmış əmanətlərin qaytarılmasına başlanması müddəti ilə bağlıdır. Hazırkı qanunvericiliyə əsasən, əmanətlərin Fond tərəfindən qaytarılmasına 90 gündən sonra başlanmalıdır. Dəyişikliklərdə isə bu müddət 45 günə endirilir.

A.Cavadov bildirib ki, yeni dəyişikliklər artıq Fondun Himayəçilər Şurası tərəfindən təsdiqlənib, hazırda müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir, bundan sonra isə baxılmaq üçün Prezident Administrasiyasına təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR