Silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxs tutulub

Silsilə oğurluqlar törətməkdə təqsirləndirilən şəxs tutulub
# 17 dekabr 2012 09:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bir neçə oğurluq hadisəsi törətməkdə təqsirli bilinən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fərid Vəliyev dekabrın 16-da tutulub.

Məlum olub ki, o, 2010-cu il iyun ayının 4-nə keçən gecə Şərifzadə küçəsində yerləşən, Zeynəb Ağayevaya məxsus köşkdən qıfılı sındırma yolu ilə ətriyyat və tütün məmulatları, dekabrın 3-nə keçən gecə isə Mətbuat prospektində yerləşən, Arif Vəliyevə məxsus mağazadan qapını sındırma yolu ilə 600 manat dəyərində ərzaq məhsulları oğurlayıb.

F. Vəliyev bundan başqa, bu il oktyabrın 2-dən noyabrın 7-dək olan müddətdə M. Seyidov küçəsində yerləşən məscidin giriş qapısında qoyulan, içərisində 100 manat olan nəzir-yardım qutusunu və dekabrın 15-i saat 09:00 radələrində məscidin 2-ci mərtəbəsində olan təklif və rəy qutusunu oğurlayıb.

Saxlanılan şəxs ayrı-ayrı vaxtlarda A. Şərifzadə küçəsində yerləşən müxtəlif məkanlardan oğurluq edib. Belə ki, o, iyunun 15-i saat 02:00 radələrində Zahir Nəcəfova məxsus yeni tikilidən 140 metr elektrik kabeli, noyabrın 1-i saat 01:00 radələrində Elçin Quliyevə məxsus hindən 50 göyərçin, dekabrın 11-i saat 08:30 radələrində Tofiq Novruzova məxsus köşkdən 50 manat, meyvə-tərəvəz, dekabrın 15-i isə Daşqın Nəzərova məxsus köşkdən qapının sındırma yolu ilə meyvə-tərəvəz oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR