Bank Of Baku

Elçin Əmirbəyov: Azərbaycana minatəmizləmə sahəsində beynəlxalq dəstək artırılmalıdır

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov

© APA | Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov

# 03 sentyabr 2026 10:26 (UTC +04:00)

Azərbaycana minatəmizləmə sahəsində göstərilən dəstəyə görə minnətdarıq.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransındakı çıxışında deyib.

Bununla belə, o qeyd edib ki, Azərbaycana minatəmizləmə sahəsində göstərilən beynəlxalq dəstəyin həcmi çox aşağıdır.

O, Azərbaycan ərazisinin 13 faizindən çoxunun minalar və partlamamış hərbi sursatlarla çirkləndirildiyini, müharibənin başa çatmasından təxminən altı il keçməsinə baxmayaraq, minalarla çirklənmiş ərazilərin 75 faizinin hələ də ölüm təhlükəsi yaradan minalarla dolu olduğunu bildirib: “Bu, ciddi humanitar təhlükəsizlik və qayıdış problemidir. Bu məsələni daha da təcili edən başqa bir məqam da var. Azərbaycan bu gün regionumuzda, hətta bəlkə də dünyada ən böyük münaqişədən sonrakı yenidənqurma layihələrindən birini həyata keçirir. Keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Kəndlər və şəhərlər yenidən qurulur. Yollar, məktəblər, xəstəxanalar və iqtisadi infrastruktur inşa edilir. Lakin burada çox sadə bir həqiqət var: torpağın altındakı təhlükəni təhlükəsiz şəkildə aradan qaldırmadan icmanı yenidən qurmaq mümkün deyil”.

Elçin Əmirbəyov Azərbaycanın bu günədək mina fəaliyyətinə dəstək vermiş hər bir ölkəyə və təşkilata minnətdar olduğunu, bunun təkcə mina qurbanları ilə yox, həm də Azərbaycanla dostluq və həmrəylik əlaməti kimi qəbul edildiyini əlavə edib: “Lakin beynəlxalq dəstəyin miqyası hələ də çox məhduddur. Dünən təqdimatlar zamanı da göstərildiyi kimi, Azərbaycanda minatəmizləmənin maliyyələşdirilməsinin 95 faizi dövlət vəsaitləri hesabına həyata keçirilir, yalnız təxminən 5 faizi xarici mənbələrdən gəlir. Hesab edirəm ki, bu balans dəyişə bilər və dəyişməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR