Azərbaycan prezidenti Misir, Litva və İranın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan prezidenti Misir, Litva və İranın yeni səfirlərinin etimadnamələrini qəbul edib
# 14 oktyabr 2012 22:38 (UTC +04:00)
APA-nın xəbərinə görə, Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tarek Hosni Ahmed Abu Sennanın etimadnaməsini qəbul edən prezident Misirin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulayıb.

Prezident iki ölkə arasındakı əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu deyib, xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcudluğunu xatırladıb.

Dövlət başçısı ikitərəfli münasibətləri siyasi, iqtisadi və digər sahələrdə genişləndirməyin zəruriliyini qeyd edib və bu işdə misirli diplomata uğurlar arzulayıb.

Misirin respublikamızdakı səfiri Tarek Hosni Ahmed Abu Sennan ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib və əməkdaşlığın genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Litvanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Arturas Jurauskasın da etimadnaməsini qəbul edib.

Dövlət başçısı Azərbaycanla Litva arasındakı əlaqələrin bütün istiqamətlərdə qarşılıqlı maraqlar əsasında genişləndiyini vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlığın siyasi sahədə uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev bu əməkdaşlığın iqtisadi sahədə inkişaf etdirilməsi üçün də böyük imkanların olduğunu qeyd edib.

Dövlət başçısı ölkələr arasında münasibətlərin gələcəkdə də dinamik şəkildə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib və səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Öz növbəsində səfir Azərbaycan kimi dost dövlətdə ölkəsini təmsil etməkdən şərəf duyduğunu deyib.



Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin də etimadnaməsini qəbul edib.

Azərbaycanla İran arasında əlaqələrin inkişafına toxunan dövlət başçısı bu əməkldaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyətini vurğulayan prezident İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejatın bu toplantıda iştirakının önəmini qeyd edib.

İkitərəfli münasibətlərin çoxşaxəli olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayan prezident səfir Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Öz növbəsində səfir İran prezidenti Mahmud Əhmədinejatın salamlarını dövlət başçısına çatdırıb.

Möhsün Pakayin deyib ki, Azərbaycanla İran İslam Respublikası arasında dostluq münasibətlərinin qurulmasında ulu öndər Heydər Əliyevin çox önəmli rol oynayıb.

Səfir diplomatik fəaliyyəti dövründə ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR