"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintananın Avropa Liqasının qrup mərhələsində "Sevilya" ilə keçiriləcək oyunöncəsi apasport.az saytına müsahibəsi
- Premyer Liqada ilk məğlubiyyətinizi ötən turda "Sumqayıt"dan aldınız. Bunun "Sevilya" ilə oyunöncəsi komandaya mənfi təsiri olmayacaq?
- İnanmıram ki, mənfi təsiri olsun. Çünki bunlar iki fərqli turnirlərdir. Bu matça hazırlıq zamanı ötən oyunu artıq unuduruq və yalnız qarşıdakı rəqibə köklənirik. Əvvəlki görüşdə məğlub olmağımızın və ya qələbə qazanmağımızın heç bir önəmi yoxdur. Fikrimizdə sadəcə "Sevilya" var.
- Zədə səbəbindən son iki oyunu buraxdınız. "Sevilya" ilə matça hazırsınızmı?
- Hər şey qaydasındadır. Son günləri kollektivlə birlikdə keçirmişəm. Məşqlərdə var gücümlə çalışıram. Tam sağalmışam və baş məşqçinin tapşırıqlarına əməl etməyə hazıram.
- Mövsümün əvvəlində yenidən formanızı yığmışdınız. Bu zədə sizi geri atmaz?
- Xeyr, bununla bağlı narahatlığım yoxdur. Çünki zədəm çox kiçik idi. Formadan düşməyimə heç bir təsiri ola bilməz.
- "Sevilya" ilə matçda hədəf nə olacaq: layiqli mübarizə, yoxsa xal qazanmaq?
- Sevilyada müsbət nəticə qazanmağı arzulayırıq və buna köklənmişik. Bunun nə qədər çətin olduğunu başa düşürük. Ancaq bəzi şərtlər altında çox oyun keçirmişik. Ümid edirəm ki, topladığımız bu təcrübə bizə kömək olacaq.
- "Sevilya" qrup birinciliyini təmin edib və bütün diqqətini La Liqaya yönəldib. Bunun sizə xeyri dəyə bilərmi?
- Onların zəngin heyətləri var. Adətən Avropa Liqası matçlarında fərqli heyətlə çıxış edirlər. Əminəm ki, bu turnirdə meydana çıxanlar özlərini baş məşqçiyə göstərməyə və La Liqada oynamaq gücündə olduqlarını sübut etməyə çalışırlar.
- Doğma vətəniniz İspaniyaya rəqib kimi yollanmısınız. Hansı hissləri keçirirsiniz?
- İspaniyada oynamaq çox xoşdur. İnsanlar məni, ailəmi, dostlarımı ziyarət etməyə gəlirlər. Onlarla vaxt keçirməkdən məmnunam.
- "Atletiko" ilə iki il əvvəlki matçda qeydə alınmış sensasiya təkrarlana bilərmi?
- Baxmaq üçün gözəl güzgüdür. Bu oyunu xatırla və orada etdiyin uğurlu şeyləri təkrarlamağa çalış...
- Ötən turda APOEL-ə məğlub olmaqla işinizi çətinləşdirdiniz. Qrupdan çıxmaq şansınızı neçə faiz görürsünüz?
- Mümkün olana qədər inanacağıq. Düzdür, çətindir, amma mümkünsüz deyil. Bunu reallaşdırmaq üçün mübarizə aparacağıq.
- Keçən tura qədər hər şey sizin əlinizdə idi. Qrupdan çıxa bilməsəniz, buna görə özünüzü günahlandırmayacaqsınız?
- Əslində, APOEL-ə qarşı yaxşı oynadıq. Amma onlar həmin gün bizə qalib gələcək qədər şanslı idilər. Hələ də başa düşə bilmirik ki, bu komandanı hər iki oyunda necə məğlub edə bilmədik.
- "Düdelanj" Kiprdə APOEL-i məğlub edib. Lüksemburqda daha bir sensasiya baş verə bilərmi?
- "Düdelanj" qrupdan çıxmaq üçün dəyişikliyə getdi. Buna görə də Lüksemburqda APOEL-in işini çətinləşdirəcəklərinə ümid edirik. Ancaq ilk növbədə bütün diqqətimizi öz oyunumuza yönəltmişik.