"Dağ yəhudiləri" dini icmasının keçmiş sədrinin evindən külli miqdarda oğurluq edən şəxslər apellyasiya şikayəti veriblər

"Dağ yəhudiləri" dini icmasının keçmiş sədrinin evindən külli miqdarda  oğurluq edən şəxslər apellyasiya şikayəti veriblər
# 23 sentyabr 2016 11:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. "Dağ yəhudiləri" dini icmasının keçmiş sədrinin evindən quldurluqla külli miqdarda pul əldə etməkdə təqsirləndirilən şəxslər barələrində olan məhkəmə hökmündən apellyasiya şikayəti veriblər. APA-nın məlumatına görə, onlar barələrində olan cəzanın azaldılmasını istəyiblər.

Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Xalid Seyidov 12 il, Eldar Avadyayev 14 il, Coşqun Əliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, quldurluq hadisəsi 2014-cü ilin dekabrında olub. Eldar Avadyayev, Xalid Seyidov və Coşqun Əliyev balta və bıçaqla silahlanaraq, tanınmamaları üçün maska taxıb, "Dağ yahudi"ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin evinə basqın ediblər.

Onlar ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetirib, qadını bıçaqlayıblar. Evdən ümumilikdə 395 min dollar, 91600 manat və 28 min rubl və qızıl-zinət əşyaları aparılıb.

Onu da qeyd edək ki, B. Simanduyev bir müddət əvvəl sədrlikdən istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR