“Həm futbolçu, həm də baş məşqçi karyeramda qələbəyə inanmışam. Sabah məğlub olsaq, nə havanı, nə də başqa bir şeyi bəhanə edəcəyik. Uduzsaq, səbəbini özümdə görəcəyəm”.
APA-nın məlumatına görə, bunu futbol üzrə Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.
Macarıstan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Azərbaycanla üz-üzə gələcək. Oyunöncəsi təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis istənilən nəticənin mümkünlüyünü vurğulayıb: “Sabah uğurlu nəticə qazanmaq istəyirik. Azərbaycan yığmasına hörmətlə yanaşırıq. Onların oyun üslubu, futbolçuları barədə məlumat toplamışıq. Azərbaycanda yerli komandaya qarşı oynamaq təkcə bizə yox, bütün rəqiblərə çətin olacaq. Biz də rəqibə yuxarıdan aşağı baxmayacağıq”.
O bildirib ki, uğurlu startdan sonra final mərhələsinə vəsiqə qazanacaq arzusundadırlar: “2016-cı ildəki final mərhələsində Macarıstan yığması çıxış edib. Ondan bir müddət əvvəl vəsiqə qazana bilmirdik. Budəfəki Avropa çempionatında iştirak etmək istəyirik. Çünki Bakı ilə yanaşı, biz də ev sahiblərindən biriyik. Doğma azarkeşlərimiz önündə oynamaq istəyirik. Final mərhələsinə çıxa bilsək, əminəm ki, oyunlarımızda tribunalar dolu olacaq. Hazırda favorit Xorvatiyadır. Ondan sonra Uels və Slovakiya gəlir. Vəsiqə üçün isə ilk iki yeri tutmaq lazımdı. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə barədə düşünməliyik. Xorvatiya üzərində qələbə bizi ümidləndirdi. Amma sabah səhvlər etsək, Azərbaycan da bizi cəzalandıra bilər.
M. Rossinin sözlərinə görə, Azərbaycana qarşı Xorvatiya ilə oyundakı start heyətindən yararlana bilməyəcək: “Eyni olması mümkün deyil, çünki zədəlimiz var. Ən yaxşı heyəti meydana çıxarmağa çalışacağıq. Mənim üçün hər zaman ən önəmlisi növbəti oyundur”.
O, Bakının “Neftçi” klubunda çalışan həmyerlisi Roberto Bordindən bəzi məlumatları aldığını da deyib: “Bordinlə birlikdə çıxış etmişəm. Onunla söhbət etmişəm. Ancaq çox məlumat vermədi”.