"Qəbələ” daha üç futbolçu ilə yollarını ayırıb.
Klubdan APA-ya verilən məlumata görə, legionerlər - Stiven Monroz, Lalavele Atakora və Sabien Lilay növbəti mövsümdən “qırmızı-qara” formada çıxış etməyəcəklər.
2017-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Monroz iki mövsüm ərzində komandanın heyətində keçirdiyi 62 matçda 20 qol vurub. O, Premyer Liqada 47 (15 qol), Azərbaycan kubokunda 9 (3 qol), UEFA Avropa Liqasında 6 (2) qarşılaşmada iştirak edib. 29 yaşlı fransalı hücumçu “Qəbələ”də Premyer Liqanın gümüş mükafatını qazanıb, kubokun qalibi və finalçısı olub.
2018-ci ilin yayında komandaya qoşulan Atakora və Lilay “Qəbələ”də bir mövsüm keçirib. Onların hər ikisi 29 matça çıxıb ki, bunlardan 23-ü çempionat, 4-ü kubok, 2-si UEFA Avropa Liqasına təsadüf edib. Atakoranın hesabında Premyer Liqada vurulan bir qol var. Atakora və Lilay Azərbaycan kubokunun qalibi olublar.
Qeyd edək ki, "Qəbələ" daha öncə Cavid Hüseynov, Elvin Camalov və Urfan Abbasovla da vidalaşıb.