“Azərbaycana 0:2 hesabı ilə uduzmuşduq. Onda hava indiki kimi çox isti idi”.
APA-nın məlumatına görə, bunu futbol üzrə Slovakiya yığmasının məşqçisi Miroslav Köniq deyib.
O, AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyunu üçün Bakıya gəlib. 2001-ci il iyunun 6-da DÇ-2002-nin seçmə görüşündə Slovakiya yığmasının qapıçısı olan M.Köniq həmin vaxt ölkəmizdə 0:2 hesablı məğlubiyyətə üzülüb. Sabiq qolkiper 18 il öncəki matçı xatırlayıb: “Biz qələbə üçün bura gəlmişdik. Komandamıza üç xal lazım idi. Seçmə mərhələyə çox yaxşı başlamışdıq. Məğlub olmadığımız ilk beş oyundan sonra üç uğursuz matç keçirdik. Seçmə mərhələdə Stokholmda İsveçə, Bakıda Azərbaycana eyni – 0:2 hesabı ilə uduzduq”.
M.Köniq 18 il əvvəlki həmin səfərin çətin olduğunu vurğulayıb: “Həm oyunlar, həm də uzun yol çətin idi. Üstəlik, iqlim dəyişikliyi də vardı. İsveçdə şimal yayının havası, Bakıda isə çox isti... Məğlubiyyətlə şansımızı çətinə saldıq. Bizi də çox tənqid etdilər. Əslində, pis oynamadıq. Bilirəm ki, 0:2 hesabına baxanda necə oynamağımız əhəmiyyət kəsb etmir. Amma bizim çox qol imkanlarımız oldu. Təkcə Nemet 3-4 qol vura bilərdi. Həmin gün bəxtimiz gətirmədi. Bu rəqibə ilk dəfə uduzmağımız da pis təsir edirdi”.
M.Köniq 18 ildə Azərbaycan futbolunun inkişaf etdiyini düşünür: “Mən belə düşünürəm ki, Azərbaycanda futbol irəliləyib. Amma biz də yerimizdə qalmamışıq. Bu rəqiblə iki şey etməliyik. Birincisi, səbirli olmalı, ikincisi effektli oynamalıyıq. 90 dəqiqə ərzində qol şansımız olacaq. Sadəcə bundan yararlanmalıyıq. Çox çətin oyun olacaq. Ona görə 1:0 hesablı qələbə də yetərlidir. İqlimdən şikayətlənməyə və ya buna təəccüblənməyə əsasımız yoxdur. Macarıstan qalib gəlməyi bacarıbsa, biz də bunu etməliyik. Uyğunlaşmaq üçün hələ bir gün də vaxtımız var”.
Sabiq qapıçı 2005-ci ildə “Jilina”nın üzvü kimi “Bakı” ilə UEFA kubokunda da üz-üzə gəlib: “Bakıda 0:1 hesabı ilə uduzmuşduq. Evdəki 3:1 hesablı qələbə ilə mərhələni adladıq”.