“Azərbaycan yığmasına qol vurandan sonra özüm də təəccübləndim. Mən o qədər də çox qol vurmuram”.
APA-nın məlumatına görə, bunu Slovakiya millisinin futbolçusu Stanislav Lobotka deyib.
AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla Bakıda keçirilən oyununda hesabı açan yarımmüdafiəçi matç barədə fikirlərini açıqlayıb: “Hesabı açanda nə edəcəyimi, qola necə sevinəcəyimi bilmirdim. Yanımda olan futbolçular bu işdə mənə kömək etdilər. Klubda məşqçilər və komanda yoldaşlarım həmişə məni qol vurmamağım üçün qınayırlar. Amma hücumlara qoşulanda həmişə yoldaşlarımdan ötürmə gözləyirəm. Bu dəfə Bojenik məni gözəl ötürmə ilə əlverişli mövqeyə çıxardı. Hər vurulan qol seçmə mərhələnin sonunda həlledici ola bilər. Bu üzdən də Bakıdakı nəticəyə və məhsuldarlığımıza görə sevinirik”.
Qeyd edək ki, Slovakiya yığması Bakıda 5:1 hesabı ilə qalib gəlib.