AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşacaq Türkiyə milli komandası Keflavik Hava Limanında problemlə üzləşib.
APA-nın məlumatına görə, “ay-ulduzlular” pasport nəzarətindən keçərkən 2 saat saxlanılıb, futbolçuların çantaları səbəbsiz yerə dəfələrlə yoxlanılıb.
Yalnız bundan sonra komanda pasport nəzarətindən keçib. Həmçinin, Türkiyə millisinin kapitanı Əmrə Bələzoğlu açıqlama verərkən islandiyalı azarkeşlərdən biri yarımmüdafiəçiyə tualet fırçası uzadıb.
Türklər yalnız bu xoşagəlməz hadisələrdən sonra otelə yollana bilib.
“Ay-ulduzlular”dan öncə Albaniya millisi də İslandiyada eyni problemlə üzləşib. Onlar aeroportda 1 saat saxlanılıb.
Bu qalmaqala münasibət bildirən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində islandiyalıların davranışının qəbuledilməz olduğunu vurğulayıb: “İslandiya Hava Limanında milli komandamıza edilən qeyri-etik davranış qəbuledilməzdir. Lazım olan addımı atacağımızdan millətimizin şübhəsi olmasın”.
Qeyd edək ki, İslandiya – Türkiyə matçı sabah keçiriləcək.