Azərbaycan çempionu “Qarabağ” sabah yeni avrokubok mövsümünə start verəcək. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxacaq.
Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayacaq əyalət klubu “Samtredia” ilə üz-üzə gələcək. Gürcüstan çempionu ilə ilk qarşılaşma Bakıda baş tutacaq.
Qurban Qurbanovun yetirmələri gələn həftə baş tutacaq cavab oyunu öncəsi sərfəli nəticə əldə etməyə iddialıdı. Ardıcıl 3 dəfə Avropa Liqasının qrupunda çıxış edən “Qarabağ” bu dəfə daha nüfuzlu Çempionlar Liqasında eyni uğuru təkrarlamaq niyyətindədi. Bu yolda ilk səddi adlamaq üçün “Samtredia” mübarizədən kənarlaşdırılmalıdı.
Son üç mövsümdə Çempionlar Liqasında ilk rəqiblərini adlayan ağdamlıların bu dəfə də ciddi çətinlik çəkməyəcəyi gözlənilir. “Valletta”, “Rudar” və “Düdelanj”la görüşlərdə mərhələni məğlubiyyətsiz keçən çempionumuzun qonşu ölkə təmsilçisinə da şans verməyəcəyi real görünür.
Bir il əvvəl digər təmsilçimiz “Qəbələ”yə rəqib olan “Samtredia”nın ilk dueldə darmadağına məruz qalması (5:1, 1:2) “Qarabağ”ın da çətinlik çəkməyəcəyini düşünməyə əsas verir. Düzdü, sonuncular Avstriya toplanışında keçirilən yoxlama oyunlarında o qədər də yaxşı nəticələr göstərməyib.
Lakin klubların toplanışdakı matçları heç vaxt onların real gücünü tam əks etdirməyib. Buna görə də “Qarabağ”ın komandanın durumunu yeni mövsümdə ilk rəsmi sınağı göstərəcək. Doğma azarkeşlər önündə daim inamlı çıxış edən təmsilçimizin arenaya toplaşanları sevindirəcəyi daha inandırıcıdı.
Qarşılaşma “Qarabağ”ın avrokuboklardakı ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matç saat 21:00-da başlayacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
11 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan)
Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu